“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası. 3-cü hissə

Kanalizasiya sistemi tab gətirmir – infeksiya xəstəlikləri yaranır

Normadan çox məhkum qəbul edildiyinə görə Cəzaçəkmə Müəssisəsinin kanalizasiya sistemi artıq tab gətirə bilmir. Ayaqyolları hər gün dolub-daşır, hamamda çimərkən traplar dolduğu üçün gölməçəyə dönür. Kanalizasiya daşdığı üçün iy-qoxudan nə yayda, nə qışda durmaq olmur, infeksiya xəstəlikləri yaranır. Hər korpusda 6 ayaqyolu olan, 300-dən çox sakini olan yerdə ucsuz-bucaqsız növbələr yaranır. Vəziyyəti ağır olan şəxsin növbə gözləməsi isə mümkünsüz olur.

Görüş problemi – qanun pozulur, rüşvət qazanılır

Hər məhkum nizamnaməyə əsasən 3 aydan bir 3 günlük ailəvi görüşlə təmin olunmalıdır. Lakin müəssisə rəisi Şəfahət Abbasov bunu 4 aya qaldırıb və günləri 1 günə endirib. Uzun müddətli görüşlər üçün cəmi 7 otaq var – 1000 nəfərlik müəssisə üçün olduqca azdır. Yayda kondisioner işləmir, qışda radiator sistemi işləmir, yağışlı günlərdə tavan damır.

7 otaqdan 3-nü “vip” edən Şəfahət Abbasov 100 manatdan başlayan qiymətlərlə məhkumların sadə haqlarını rüşvətə çevirib. Pulu olmayan məhkumlar ailələri ilə vaxt keçirməkdən məhrum olur.

Ermənilərə mehriban, azərbaycanlı dindarlara zulm

Erməniləri öz ölkələrinə ailələrinin yanına göndərən ədliyyə-penitensiar xidməti azərbaycanlı məhkumlara qarşı nasist mövqe tutur. Ermənilərə qarşı mehriban olan hakimiyyət, günahsız dindarlardan yenə də əl çəkməyərək onlara zülm edir.

3-cü hissənin sonu – ardı var