“Dövlətdən kənar dövlət” 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası. 2-ci hissə

 

Soyuq xəstəliklə mübarizə aparan məhkumlar indi daha ciddi bir təhlükə ilə üz-üzə qalıblar.
Bu bina Sovet dövründə tikilib və artıq çoxdan istismar müddətini başa vurub. Xatırladaq ki, bu yaxınlarda 12 saylı Cəzaçəkmə Müəssisəsində tavan çökərək 1 nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı. Eyni və ya daha dəhşətli hadisənin burada baş vermə ehtimalı çox yüksəkdir.
Köhnə dəmir-beton konstruksiya artıq uçmaq üzrədir. Keçən dəfə gecə saatlarında “yat” komandası veriləndən sonra kubik boyda beton parçası tavandan qoparaq yerə düşüb. Barakda böyük qorxu yaranıb, məhkumlar gecəni narahatlıq içində keçiriblər. Bu hadisə 2-3 dəfə təkrarlanıb. Xoşbəxtlikdən hələlik xəsarət alan olmayıb. Lakin böyük faciə baş verərsə, birbaşa Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və müəssisənin rəisi Şəfahət Abbasov məsuliyyət daşıyacaq.
Bu problemləri həll etmək məhz onların vəzifəsidir.
Rəisin prioritetləri isə fərqlidir...
Məhkumların qaldığı yerləri təmir etməyən rəis, öz qazanc mənbəyi olan kafe, camaşırxana, trenajor zalı, bilyard və komputer zallarını yüksək səviyyədə təmir etdirib. Öz iqamətgahı və işçilərinin istirahət otaqları isə dövlət məmurlarının “sarayı”nı xatırladır.
Məhkumların yaşadığı korpuslar isə Hindistanın ən kasıb məhəllələrindən belə acınacaqlı vəziyyətdədir. Rəis bu əraziyə heç maraq göstərmir. Üstəlik, öz hesabına şəraitini yaxşılaşdırmaq istəyən məhkumlara əlavə çətinlik yaradır.

Hamam problemi

Hamamların vəziyyəti tam anti-sanitar haldadır. Vaxtlı-vaxtında təmizlənməyən bu yerlər əsl xəstəlik yuvasına çevrilib. Burada çimmək “sağ qalmaq” mübarizəsinə dönüb.
Hər korpusda 6 duşlu hamam var, lakin uzun növbələr olur. Duşların cəmi 2-3 ədədi işləyir (bəzən onlardan da az). 300 nəfərə yalnız 2-3 duş – bu, ağlasığmazdır.
Ən böyük problem isə isti suyun olmamağıdır. Yayda soyuq su ilə birtəhər çimən məhkumlar qışda özlərini “Antarktika”da hiss edirlər. İsti su gəlsə də, cəmi 1 saat gəlir. Kim tez çatdısa, çimdi; qalanlar isə batdı.
Soyuq su ilə çimənlər ya müxtəlif xəstəliklərə (pnevmoniya, böyrək xəstəlikləri və s.) yoluxur, ya da ümumiyyətlə çimməməyə məcbur qalır. Bu isə tər qoxusu, narahatlıq və dəri yaralarına səbəb olur.
Dindarlar üçün vəziyyət xüsusilə ağırdır. Qüsul və dəstəmaz almaq məcburiyyətində olan insanlar soyuq su ilə çimərək ibadətlərini yerinə yetirməyə çalışırlar. Soyuqdan yaranan xəstəliklərlə zindandan çıxanda onların vəziyyətinin necə olacağı artıq hamıya bəllidir.
Bu barədə rəis Şəfahət Abbasova müraciət edəndə cavab sadədir:
“Gedin özünüz düzəldin”.

(2-ci hissənin sonu – ardı var)