Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (1-ci hissə)

Dünya müasirliyə, yeniliyə və inkişafa can atarkən, ona aşılanan və keçmişin acı təcrübələri ilə bağlı olan bir əsası — dini — özündən uzaqlaşdırmağa çalışdı. İnsanlıq zamanla dini məfkurədə yaşanan baxış acıları ilə üzləşdikdə, problemi dinin özündə gördü və ondan uzaqlaşmağı yeganə çıxış yolu hesab etdi.

Bu prosesə zamanla dinin daxilindəki ciddi problemlərlə yanaşı, sətiraltı şəkildə təbliğ olunan dinsizlik məfhumu da güclü təsir göstərdi. Bəzən elmi əsasların rədd edilməsi, bəzən də inkişafa ayaqlaşa bilməyən dinlərin mövqeyi din əleyhdarlarına haqlı səbəblər verdi və onları daha da gücləndirdi.

İnkişaf etmək istəyən insan ilkin dövrlərdə elmə qarşı olan cərəyanı, sonra isə ümumi inkişafa maneəni dinin varlığında gördü. Nəticədə din ümumi səhnədən uzaqlaşdırıldı, gerilik əlaməti, yaxşı halda isə sadəcə ibadət ritualı kimi sıxışdırıldı. Bu günün dünyasında dinlər tez-tez tərəqqinin əks cəbhəsinə qoyulur, acizlik, zəiflik və ümidsizlik anlarında insanı ovudan vasitə kimi qəbul edilir.

Böyük Qərb mütəfəkkirləri dini bəzən “tiryək” adlandıraraq insanın real vəziyyətindən uzaqlaşdıran vasitə, bəzən həyatda istədiklərini əldə edə bilməyən acizlərə xəyali ümid, bəzən isə qadağalarla dolu mövhümat ocağı kimi təqdim etdilər. Əlbəttə, bu fikirlərin müəyyən haqlı tərəfləri də var idi. Əks halda belə rahat qəbul olunmazdılar.

Zaman keçdikcə din cəmiyyətdə, yaxşı halda, ibadət növündən kənara çıxa bilmədi. Yəni insanın gündəlik həyatında din yalnız ayin və ritual kimi qəbul olundu və bu, dindən təqdim edilən yeganə görüntü halına gəldi. Böyük institutlar, ideoloqlar və geniş media resursları insanların həqiqətən anlamadığı din mövzusunda böyük simaların parlaq işartıları ilə təsirlənərək dini məhz bu formada qəbul etdirdilər.

Burada dinlərin dünya insanına cavab verəcək əsaslarının tükənməsi bu məktəblərin təqdimatında da özünü göstərməyə bilmədi. Hər dini baxış proseslərin gedişində həzm olunaraq sadə ibadət səviyyəsində qalmaqla kifayətləndi. Lakin bütün bu etirazların və ideoloji hücumların qarşısında bir istisna dayanırdı: dinin ittihamlara cavab vermə qüdrətində olduğunu göstərən İslam dini.

 

 

1-ci hissənin sonu