Abşeron rayonunda hicablı şagirdlər məktəbə buraxılmır – 1, 3 və 4 saylı məktəblərdə onlarla qız uşağı təhsildən uzaqlaşdırılıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə hicab səbəbindən 20-dən çox şagirdin təhsil müəssisəsinə girişi qadağan edilib. Valideynlərin məlumatına görə, məktəb direktoru Pənah Babayev ilk öncə hicabın rənginin ağ olması tələbini irəli sürüb, sonradan isə baş örtüyü ilə dərsə gəlməyi tamamilə qadağan edib. Direktor valideynlərə bildirib ki, məktəbli geyiminin tərkibinə hicab daxil deyil, əks halda uşaqlar buraxılmayacaq.

Martın 10-dan etibarən hicablı qızlar dərslərə buraxılmır. Eyni səbəbdən məktəbdə çalışan iki müəllimə də hicabla işə gəlməmək barədə göstəriş verilib.

Üç məktəbdə eyni problem

Oxşar vəziyyət Mehdiabad qəsəbəsindəki 3 və 4 nömrəli tam orta məktəblərdə də qeydə alınıb. Hər üç təhsil müəssisəsində hicablı şagirdlərin sayı artıq onlarla ölçülür. Valideynlərin etirazlarına baxılmayıb, təhsil müəssisələri rəhbərliyi mövqeyini dəyişməyib.

Təhsil Nazirliyindən açıqlama yoxdur

Məsələ ilə bağlı Təhsil Nazirliyi və digər aidiyyatı qurumlardan rəsmi açıqlama verilməyib. Hüquq müdafiəçiləri və valideynlər isə təhsil hüququnun məhdudlaşdırılmasını qanunsuz hesab edərək, dövlət orqanlarını müdaxiləyə çağırırlar.

Bu, Bakı və Abşeronda son bir ay ərzində hicab səbəbindən təhsildən kənarlaşdırılan şagirdlərlə bağlı növbəti hadisədir. Əvvəlki hallarda da məktəb rəhbərləri tərəfindən “məktəbli geyimi” tələbləri əsas gətirilərək qadağalar tətbiq olunmuşdu.