Prokuror Əli Kərimlinin mühafizəçisinə 8 il həbs istəyib

Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Novruz Tağıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək N.Tağıyevin cinayət törətməsinin sübut olunduğunu deyib və ona 8 il həbs cəzası istəyib. 

İttiham aktında iddia olunur ki, ev alqı-satqısı sahəsində vasitəçi kimi (“makler”) çalışan N.Tağıyev mənzil almaq istədiyini deyən Nicat Abbasov adlı şəxsin 70 min manat nəğd pulunu ələ keçirib. 

N.Tağıyev isə çıxışında adı çəkilən şəxsin ev almaq üçün ona üz tutduğunu təsdiqləyib, lakin ondan 70 min manat aldığını təkzib edib. 

"İndiki dövrdə kim “makler”ə, özü də sənədləşmə olmadan 70 min pul verər?! Hamı yaxşı bilir ki, bu iş quramadır", - o deyib. 

Prosesdə sənədlərin qiymətləndirilməsi mərhələsində aydın olub ki, N.Abbasovun N.Tağıyevlə danışdığını iddia etdiyi mobil telefon nömrəsini AXCP üzvü 2014-cü ildən bəri işlətmir. 

Zərərçəkmiş qismində tanınan N.Abbasov isə çıxışında təqsirləndirilən şəxsə hansı cəzanın veriləcəyinin onun üçün əhəmiyyət kəsb etmədiyini, yalnız ona dəyən ziyanın ödənilməsini istədiyini deyib. 

Proses aprelin 3-də müdafiə tərəfinin nitqi ilə davam edəcək. 

N.Tağıyev ötən il mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrda isə o, əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) ilə təqsirləndirilib.

Əli Kərimli həmin vaxt mühafizəçisinə qarşı ittihamı “qurama, həyasız, məqsədli üzədurma” adlandırmışdı. “İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, maklerə, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir?”, - o, sosial media hesabında yazmışdı. 

Hazırda AXCP-nin Ə.Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü uzunmüddətli həbsdədir.