İmam Əli (ə) ziyarətgahında Quran məclisləri başlayıb

Ramazan ayı Quran ayıdır. Bu ayda nazil olan Qurani-Kərimi oxumağın, dinləməyin və üzərində düşünməyin savabı qat-qat artıqdır.

İmam Əli (ə) Ziyarətgahında Quran məclisləri başlayıb. Bura  Mübarək Ramazan ayında tamam başqa bir nurani ab-havaya bürünür.

Bu müqəddəs məkanda əsrlərdir davam edən gözəl ənənələrdən biri də Quran gecələridir. Ramazanın bərəkətli axşamlarında ziyarətgahın məscidlərində Qurani-Kərimin tilavəti ucalır, ayələrin sədası səmaya yüksəlir, könüllər isə ilahi kəlamın nuru ilə işıqlanır.

Ziyarətgahın məscidlərində təşkil olunan Quran gecələri məhz bu mənəvi fürsəti daha da dərinləşdirir. Məşhur qarilər öz təsirli və məlahətli səsləri ilə ayələri tilavət edir, hər bir hərf, hər bir kəlmə qəlblərə toxunur.

İnsanlar ailələri ilə birlikdə bu məclislərə qatılır, səssizcə dinləyir, mübarək kitabın ayələrini oxuyur,  bəzən göz yaşları içində dua edir, bəzən də ayələrin mənası üzərində təfəkkürə dalırlar. Məkanın müqəddəsliyi ilə Quranın nurunun vəhdəti insana sözlə ifadə olunmaz bir rahatlıq və yaxınlıq hissi bəxş edir.

Bu Quran gecələri yalnız tilavət məclisi deyil, həm də birlik, həmrəylik və iman yenilənməsi məclisidir. Ramazanın ruhuna uyğun olaraq insanlar bir-birinə daha da yaxınlaşır, dua və ibadətdə bir araya gəlir, mənəvi bağlarını gücləndirirlər.

Beləliklə, İmam Əli Ziyarətgahında keçirilən Quran gecələri Ramazanın ən gözəl və ən təsirli ənənələrindən biri kimi hər il könüllərdə iz qoyur, ilahi kəlamın nuru ilə qəlbləri dirildir və insanları Allaha daha da yaxınlaşdırır.