2019-cu ildə çay sahələri 1100 hektar təşkil etdiyi halda, 2024-cü ildə bu rəqəm 900 hektara enib.
Hesablama Palatasının məlumatına görə, Azərbaycan “Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu hədəflərdən ciddi şəkildə geri qalır.
Proqramın əsas hədəflərindən biri 2027-ci ilə qədər çay plantasiyalarının sahəsini 3000 hektara, yaşıl çay yarpağı istehsalını isə 8,5 min tona çatdırmaqdır.
Palatanın məlumatından görünür ki, 2026-cı ildə çay sahəsinin 975 hektara, məhsul istehsalının isə 1126 tona çatdırılması planlaşdırılır. Bu isə Dövlət Proqramında müəyyən edilmiş hədəflərlə müqayisədə dəfələrlə aşağı göstəricidir.
Qeyd edək ki, çay plantasiyalarının salınması üçün dövlət tərəfindən hər hektara görə verilən subsidiya da artırılıb. Belə ki, 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat, sonrakı illərdə isə 800 manat həcmində subsidiya müəyyən edilib.
Eyni zamanda, yağışyağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş və hər hektarda minimum 20 min ədəd sertifikatlı ting əkilmiş çay plantasiyalarına görə 12 min manat məbləğində əkin subsidiyası nəzərdə tutulur.
Çayçılığın inkişafına dövlət dəstəyi artırılandan sonra məhsuldarlıq da azalıb. Belə ki, 2020-2021-ci illərdə hər hektardan 15-17 sentner məhsul əldə olunsa da, 2024-cü ildə bu göstərici 12 sentnerə qədər enib.
Proqramın icrası dövründə ixrac təxminən iki dəfəyədək azalıb. Dövlət Proqramının qəbul olunduğu 2018-ci ildə 1,4 min tona yaxın çay ixrac edilirdisə, 2025-ci ildə bu göstərici cəmi 725 ton təşkil edib.
Azərbaycanda çay plantasiyalarının sahəsi 18 faiz azalıb