BGMİ Şeyxi və müftiləri İrana səfər ediblər

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) din rəhbərləri — Şeyx Hacı Faiq Nəbiyev, idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov və Qərbi Gürcüstan üzrə mufti Hacı Adəm Şantadze burada bir sıra görüşlər keçiriblər.

Səfərin əsas məqsədi iki ölkə arasında dini əlaqələrin gücləndirilməsi, multikultural ənənələrin paylaşılması və İslam ümməti arasında həmrəyliyin artırılmasıdır. Səfərin ilk günü nümayəndə heyəti Məşhəd şəhərində fəaliyyət göstərən Əl-Faruk Cümə Məscidində qılınan cümə namazında iştirak ediblər. Din xadimlərini mərasimdə Hafiz Mustafa Şəkuri qarşılayıb və cümə namazından əvvəl səmimi söhbət aparılıb.

Söhbət zamanı Gürcüstandan gələn qonaqlar ölkələrində mövcud olan dini dəyərlər, tolerantlıq ənənələri və multikultural həyat tərzi barədə danışıb, qarşı tərəfə Gürcüstanda mövcud dini həyatın zənginliyi haqqında məlumat veriblər. İmam-camaat isə ziyarətə görə, gürcüstanlı qonaqlara minnətdarlığını ifadə edib, bu kimi görüşlərin İslam ümməti arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

O, həmçinin Əl-Faruk Cümə Məscidinin İran İslam Respublikasında sünni məzhəbinin nümayəndələrinə məxsus olduğunu və onlar üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Görüşün sonunda BGMİ-nin din rəhbərləri Hafiz Mustafa Şəkura Tbilisinin təsviri olan tablo hədiyyə ediblər və daha sonra birgə cümə namazı qılınıb. Səfərin ikinci günü BGMİ-nin din xadimləri Şeyx Əhməd Camın türbəsini ziyarət ediblər. Qonaqları salamlayan türbənin xidmətçisi Şeyx Qazi Cami əl-Həmidi türbə barədə ətraflı məlumat verib.

Bildirilib ki, Şeyx Əhməd Cami türbəsi və məqbərəsi təxminən 800 illik tarixə malikdir və Xorasan-Rəzəvi əyalətinin Təbrət Cam şəhərində yerləşir. Bu kompleks təxminən on binadan ibarətdir və zamanla Şeyx Cami’nin müridləri tərəfindən tikilmişdir. Şeyxin məzarı türbənin həyətində yerləşir və hazırda bina Şeyx Əhməd Cami’nin nəvələri tərəfindən qorunur. Ziyarət zamanı qonaqlar türbənin tarixi əhəmiyyəti və dini irsi barədə məlumat alaraq, bölgədəki dini həyatın zənginliyini müşahidə ediblər. Səfərin üçüncü günü din xadimləri və nümayəndə heyəti İranın Xaf şəhərində böyük Əhnaf məktəbinin müdiri Hacı Mütəhəri və Xaf şəhərinin bir sıra alimləri ilə görüş keçiriblər.

Görüş zamanı qonaqları salamlayan Hacı Mütəhəri Əhnaf məktəbinin fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, məktəbdə qızlar və oğlanlardan ibarət təxminən 500-ə yaxın tələbə təhsil alır, burada həm klassik dini biliklər, həm də müasir təhsil proqramları tətbiq edilir. Gürcüstandan gələn din rəhbərləri ölkələrində mövcud dini dəyərlərdən və dini tədris üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, Gürcüstanda 500-dən artıq məscid fəaliyyət göstərir və müxtəlif bölgələrdə bir sıra mədrəsələr fəaliyyətini davam etdirir. Bu, ölkədəki dini müxtəliflik və tolerantlığın əyani göstəricisi kimi vurğulanıb.

Görüşün sonunda BGMİ-nin din rəhbərləri Hacı Mütəhəriyə hədiyyə təqdim ediblər. Daha sonra görüş nahar süfrəsi arxasında davam edib və qonaqlar arasında səmimi müzakirələr aparılıb. Qeyd edək ki, BGMİ-nin din rəhbərlərinin İran İslam Respublikasına səfəri davam edir və səfər çərçivəsində daha bir sıra görüşlər planlaşdırılıb.