İsrailin hücumları zamanı 14 əsrlik Qəzza Ulu Məscidi dağıdılıb

 İsrail ordusunun Qəzzaya hava hücumları nəticəsində şəhərin ən qədim dini abidələrindən biri olan Qəzza Ulu Məscidi tamamilə dağıdılıb.

Tarixi mənbələrə görə, 14 əsrlik tarixi olan Qəzza Ulu Məscidi həm Məmlük, həm də Osmanlı dövrlərinin memarlıq xüsusiyyətlərini özündə birləşdirirdi. Məscid, Fələstin ərazisində sahəsinə görə üçüncü ən böyük ibadət məkanı sayılırdı.

Qəzza şəhərinin qədim hissəsində yerləşən məscidin tarixi qədim dövrlərə dayanır. Əvvəlcə pagan məbədi kimi inşa edilən bina, daha sonra Bizans dövründə Rum Pravoslav kilsəsinə çevrilmiş, VIII əsrdə isə İslamın yayılması ilə məscidə dönüştürülmüşdür.

Tarix boyu dəfələrlə dağıdılıb yenidən inşa edilən Ulu Məscid 13-cü əsrdə Məmlüklər tərəfindən bərpa olunmuş, daha sonra Osmanlı imperiyası dövründə yenidən əsaslı təmir keçmişdir. Birinci Dünya Müharibəsi zamanı məscid İngilis ordusunun hücumları nəticəsində ağır zədələr almış, 1925-ci ildə isə Fələstinli Müsəlman Komitəsi tərəfindən bərpa edilmişdi.

Qəzza Ulu Məscidi həmdə Ömər Məscidi kimi də tanınır və şəhərin simvolu və bölgənin dini-mədəni irsinin mühüm hissəsi hesab olunurdu. 19-cu əsrdə Qəzzanı ziyarət edən bir çox qərbli səyyahlar bu məscidi “şəhərin ən tarixi əhəmiyyətə malik yeganə tikilisi” kimi təsvir etmişdilər.