Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi Rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.

Hökm AXCP-nin keçmiş üzvü, 2019-cu ildə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında çıxarılıb. A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarına müsahibələrində onu hakimiyyətlə əməkdaşlıqda suçlamaqla ona böhtan atıb.

Hökmdən öncə çıxış edən A.Əliyev də, onun nümayəndəsi də məhkəmədən AXCP sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Ə.Kərimli çıxışında vurğulayıb ki, məhkəmə iclasından öncə polislər Nəsimi Rayon Məhkəməsinin binasının önündə cəbhəçilərə hücum edib, xeyli sayda saxlanılan və zorakılığa məruz qalanlar var. AXCP sədri bildirib ki, vəkili Vidadi Mirkamal da saxlanılaraq naməlum istiqamətə aparılanlar arasındadır.

Məhkəmənin gedişində əlaqə saxlanılıb və Vidadi Mirkamal sərbəst buraxılıaraq, prosesə qoşulub.

“Hamı bilir ki, bu, sifarişli işdir və qərar hardan gəlir. Qərarı elan edin, bitsin, insanlara əziyyət verməyə nə ehtiyac var? İndiyə qədər azı 10 nəfərə işgəncə verilib ki, mənim əleyhimə ifadə alsınlar. Bu məhkəmə prosesi də tarixdə rüsvayçı proses kimi qalaçaq. “Hökumətlə əməkdaşlıq” ifadəsi ləyaqəti alçaldan ifadə kimi qiymətləndirilir”, - Əli Kərimli bildirib.

Vəkili Fəxrəddin Mehdiyev də iddianın əsassız olduğunu vurğulayıb.

Hakim Babək Pənahov təxminən bir saatlıq müşavirədən sonra AXCP sədrinin haqqında ittiham hökmünü elan edib.

Məhkəmədən sonra Ə.Kərimli AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Əli Kərimlinin məhkəməsi önündə saxlananlar var

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü saxlanıb.

Dekabrın 2-də partiyanın sədri Əli Kərimliyə qarşı verilən iddia üzrə Nəsimi rayon Məhkəməsində proses keçirilir.

AXCP-dən verilən məlumata görə, proses başlamazdan əvvəl polis əməkdaşları məhkəmə binasının önünə toplaşanları ərazidən uzaqlaşdırmağa başlayıb: "Əli bəy çıxış edirdi, bu anda polis əməkdaşları yaxınlaşıb avtomobillərini ərazidən çıxaracaqlarını və bizim oradan uzaqlaşmağımız lazım olduğunu dedilər. Buna etiraz edən bir neçə nəfər saxlandı. Digərlərini məhkəmədən xeyli irəliyə uzaqlaşdırıblar".

 

 

AzadlıqRadiosu