Netanyahunun çarəsizliyi, etirazlar, xaos və atəşkəs məcburiyyəti…

Netanyahunun müharibədə uğursuzluğu və Hizbullah qarşısında çarəsizliyi İsrail cəmiyyətində çoxdandır ciddi narazılıq doğurmuşdu. O “Livan bataqlığından” necə çıxmağı düşünürdü. Tənqidlər isə onu baş nazir postunda belə rahat nəfəs almağa imkan vemrirdi. Uğursuzluq, orduda ruh üşkünlüyü, ictimai etirazlar  artmaqda, senzura fayda vermədikdə Netanyahu çarəsizcə atəşkəsə razılıq verib.

“Bizim Evimiz İsrail” partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman, İsrailin Livanla planlaşdırılan razılaşmasını tənqid edərək bunu 2018-ci ildə HƏMAS-la bağlanmış atəşkəs razılaşmasının səhvinin təkrarı adlandırıb. Xatırladaq ki, o vaxt Liberman bu addıma etiraz olaraq müdafiə naziri vəzifəsindən və hökumətdən istefa vermişdi. Liberman, o zaman bildirmişdi ki, “İsrail rəhbərliyi qısamüddətli sülhü əldə etmək üçün milli təhlükəsizliyə uzunmüddətli zərbə vurur”.

26 noyabrda Liberman İsrailin Livanla mümkün razılaşmasını belə şərh edib:
“Netanyahunun Livan və Hizbullahla əldə etdiyi razılaşma, əslində, 2018-ci ildə HƏMAS-la əldə olunan atəşkəs razılaşmasının təkrarıdır. Həmin vaxt Netanyahu qətiyyətli addımlar əvəzinə, geri çəkilmə və sakitlik satın alma yolunu seçdi. Bu, faciəvi səhv idi. HƏMAS, əldə etdiyi vaxt və Qətərdən gələn maliyyə ilə İsrailə genişmiqyaslı hücum planını hazırladı ki, bunun qanlı nəticəsi 7 oktyabr oldu”.

Liberman vurğulayıb ki, Livanla planlaşdırılan razılaşma nə İsrailə sülh, nə də təhlükəsizlik gətirəcək. Əksinə, Hizbullahın yenidən silahlanmasına və hərbi gücünü bərpa edərək İsrailə qarşı yeni planlarını həyata keçirməyə çalışmasına şərait yaradacaq.

Tənqidçilər hesab edir ki, o, ölkəni qələbəyə aparmaq əvəzinə, təhlükəsizliyə və orduya böyük zərər vurub.

Hizbullahın raket hücumları İsrailin əsas infrastrukturlarını sıradan çıxarıb, təhsil sistemini və iş yerlərini iflic vəziyyətə salıb. Şimal bölgəsində yaşayan insanlar təhlükəsizlik səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar. Bu isə sosial və iqtisadi böhranın daha da dərinləşməsinə səbəb olub.Netanyahunun liderlik qabiliyyətini şübhə altına alan israillilər, onun Hizbullahın təhdidinə qarşı təsirli addımlar ata bilməməsini qəzəblə qarşılayır. Müharibədə qətiyyətli qərarların əvəzinə çarəsizlik nümayiş etdirməsi, ölkədə etimad böhranını daha da artırıb.

 
Az.shafaqna.com