Reuters: Azərbaycan kiçik adaların COP 29-da iştirak xərcini çəkəcək

Bu il COP29 BMT-nin iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycan hökuməti iqlim baxımından zəif durumda olan kiçik adaların tədbirdə iştirak xərclərini çəkməyi təklif edib. Bunu "Reuters" agentliyi COP29-un aparıcı rəsmisinə istinadla yazır.
Noyabrın 11-dən 22-dək keçiriləcək sammitdə ölkələr daha yoxsul ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsini maliyyələşdirmək üçün yeni hədəf təyin etməlidirlər. Bu məsələnin dəniz səviyyəsinin qalxması riski ilə üzləşən ada dövlətlərə birbaşa təsiri var.
Bakı təklif edib ki, inkişaf etməkdə olan hər bir kiçik ada dövlətdən dörd təmsilçinin COP29-da iştirakının bütün xərclərini ödəsin. Buraya səyahət, otel və digər xərclər daxildir. Məlumatı agentliyə adının çəkilməsini istəməyən aparıcı COP29 rəsmisi verib.
Rəsmi nə qədər vəsaitdən söhbət getdiyini açıqlamayıb. "Reuters" yazır ki, BMT-nin iqlim danışıqlarında 40-dək kiçik ada dövlət iştirak edir.
 
 
 
Azadlıq radiosu