Qan! Cismin var olma səbəbi və ruhun qürur və şəxsiyyəti. Təsadüfi deyil ki, tarixən şərəfli insanlara “pak qan sahibi” deyildiyi kimi rəzil insanlar da “qanı pozuq” olaraq adlandırılıb. Elm də insanın bütün özəlliklərinin qan vasitəsi ilə nəsildən-nəsilə ötürülmək kimi bir həqiqəti qəbul edir. Hədislərdə isə qanın müqəddəs və əzəmətinə işarə edən dəyərlər əks olunub ki, bunların içində xüsusi olaraq şəhidlərin qanı daha nəfisdir.
Qanın əzəmətini simvolizə edilən azadlıq rəngi, bayraqların al qırmızı hissəsi qətiyyət, mübarizə və cəsarət göstəricisi olaraq bir xalq haqqında xüsusi deyim və məna aşılayır. Lakin qan təkcə bu deyilənlərlə məhdudlaşmır. Qan insanın dosta isti və doğmalıq hissini ehtiva etdiyi kimi düşmənin də dəhşət və vahimə səbəbidir. Kimsə özünü hansısa bir zalım önündə zəif olaraq hiss edirsə, anlamalıdır ki, onun varlığında tarixin sitəmkarlarını qorxu və dəhşətə salan əzəmətli bir silahı var. Bu, onun bədəninin hər nöqtəsini gəzən qanıdır. Elə bir qan ki, düşmənin tarix boyu bütün silah və gücləri müqabilində cəsarət və şücaət nümunəsi olaraq onu qələbəyə aparıb.
Şübhəsiz, əvvəldə qeyd olunduğu kimi pak qan şücaət və ləyaqət, qüdrət və azadlıq simvolu olaraq zamanların zirvəsində öndə, zülmün qarşısında durmaq gücü və yaşamaq əbədiyyəti əldə edib. Bütün pak qan sahibləri artıq mükafatlandırılmış bir güc mənbəyində, qanın ruhu və cismini birləşdirdiyi nöqtədə onun müdafiəsindədir. Düşmənin, xəbasəti ruhuna bulaşdırmışların qorxu və dəhşət dolu yuxusu bu qandır.
Haqqın yanında, batilin qarşısında olanlar özünü zəif və düşmənlə müqayisədə az bilməsin. Əlində pak qanı olan bir həqiqət carçısı dünyanın onun önündə acız qaldığı bir sılaha malikdir. Qanın qüdrəti zülmü azadlıq rəngində, qanın hərarətində boğmaq gücü tarixin əks etdirdiyi həqiqətdir. Elə bir həqiqət ki, zamanları öz rənginə boyamaqla zülmün evini viran edib, edir və edəcək.
Bunun bariz nümunəsi Hüseyn ibn Əlidir (ə)! Hüseynin (ə) adı bu gün də rəzalət sahiblərinin qorxulu yuxusu olan, həqiqəti qanın qələbəsi ilə gerçəkləşən ölümsüzlük simvoludur. Bu qanın qələbə rəmzi, haqq məhşərinin sönməz alovudur. Cismində qan, ruhunda həqiqət daşıyan hər kəs varlığın güc mənbəyi ilə silahlanıb. Onu heç bir güc yenə bilməz. Necə ki, Kərbəlada İmam Hüseyn (ə) buna nümunə olaraq zamanlara pak qanın həqiqət müdafiəsində misilsiz gücə malik olduğunu öz varlığı ilə nümayiş etdirdi.
Zülm üzərində qalibiyyət simvolu - Qan