Türkiyə Ukraynadan taxıl ixracı üçün dəniz dəhlizinin işinin normallaşdığını elan edib

Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı bildirib ki, Rusiya taxıl müqaviləsində iştiraka qayıtdıqdan sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəniz dəhlizinin fəaliyyəti tam normallaşdırılıb. 

"Biz Ukraynadan yazılı təminat aldıq və onu Rusiyanın müdafiə naziri Sergey Şoyquya göndərdik. Çərşənbə günü saat 12:00-da taxıl ixracı mexanizminin fəaliyyətinin bərpası qərara alınıb. Dəniz dəhlizinin işi tam normallaşdırılıb. Onun fəaliyyəti davam edir, bu humanitar missiyadır", deyə Akar "Habertürk" telekanalına müsahibəsində deyib. 

Operativtv.com SalamNews-a istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbəri onu da bildirib ki, Türkiyə noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılması üçün lazımi səyləri göstərir. 

"İyulun 22-də İstanbulda imzalanmış razılaşmalar əsasında qurulan taxıl dəhlizi taxıl ixracının indiyədək ən etibarlı, ən sürətli və ən həcmli yoludur. Üç ay ərzində 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib, biz ixracın həcminin artmasına ümid edirik. İstanbul razılaşmalarının müddəti yaxın günlərdə başa çatır. Müqavilənin uzadılması üçün tərəfdaşlarımızla işləməyə davam edirik", deyə nazir bildirib.