"Əfqan Muxtarlıya qarşı təxribat ehtimal var" - Leyla Mustafayeva

"Əfqan zəng etmişdi. Dedi həbsxanada vəziyyət gərginləşib. Ona qarşı təxribat ola biləcəyini ehtimal edir".
 
"Arqument.az" xəbər verib ki,bu sözləri jurnalist Əfqan Muxtarlının həyat yoldaşı, jurnalist Leyla Mustafayeva deyib.
 
"Bir dostu ona poçt vasitəsilə 100 manat pul göndərib. Həbsxanadan ona deyiblər ki, pul koda düşüb. Ancaq gələn həftə verə biləcəklər. Dediyinə görə, göndərilən pulu məhbuslara vaxtında çatdırmırlar və həbsxana daxilində dövriyyəyə buraxırlar", - jurnalist bildirib.
 
Onun sözlərinə görə, Müsavat Divanın üzvü Elman Fəttahın "Yeni Avtoritarizm və Azərbaycan" kitabını da Əfqan Muxtarlıya verməyiblər: "Elman Fəttahın "Yeni Avtoritarizm və Azərbaycan" kitabını da 2 həftədi saxlayırlar. Azərbaycanda çap olunan və qadağa qoyulmayan kitabı həbsxanaya buraxmırlar. Dostları ilə görüş qadağası hələ də qalır. Bir vəkilləri və iki qardaşı və anası ilə görüşüb indiyədək. Dedi ki, vəkili Nemət Kərimliyə zəng etmək istəyib. İcazə verilməyib. Özünə də deyilib ki, qadağaların Penitensiar Xidmətlə heç bir əlaqəsi yoxdur, Prezident Aparatından göstəriş verilib".
 
Jurnalist Ə.Muxtarlı 2017-ci ilin mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunub.
 
Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıda rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyib. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
 
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
 
2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.