Bu il Azərbaycanda 9 ana ölümü baş verib

2019-cu ilin əvvəlindən bu günə qədər ölkədə 9 ana ölümü hadisəsi baş verib. Bu barədə azvision.az- a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərinin əksəriyyəti təhlil edilib.

"Ana ölümlərinin əsas səbəbi beyin xəstəlikləri, ürək çatışmazlığı faktı, ağciyərin iki tərəfli pnevmaniyası, zahılıq dövründə müşahidə edilən qanaxma və anesteoloji qüsurdur. Bunun əsasında cəzalandırılanlar da olub. İşdən azad olunanlar, ciddi töhmət alanlar var. Tibbi yardım təşkili şöbəsi tərəfindən kifayət qədər ciddi tədbirlər görülüb". 

S.Məmmədova qeyd edib ki, əsasən rayonlarda ağır xəstələr daha çox olur. "Onları Bakıya təxliyə edib, çatdıra bilmirik. Amma ağır xəstə vaxtında Bakıya gətiriləndə və ya buradan həkimlər vaxtında rayona gedəndə həmin xəstəni vəziyyətdən çıxara bilirik. Bu il 40-dan artıq kritik vəziyyətdə olan hamilələr olub ki, son məqamda müraciət ediblər və Bakıdan yardım gedib. Nəticədə qadınlar kritik vəziyyətdən çıxarılıb". 

Direktor hesab edir ki, ana ölümlərində həkim, valideyn məsuliyyətsizliyi yarıbayarıdır: "Əgər qadın məsləhətxanasının həkimi gəlib qapını döyüb və ona qapını açmırlarsa, hündürmərtəbəli binaların nəzarətçisi içəri buraxmırsa, biz riskli hamiləni oradan neçə çıxaraq? Gərək onun şüuru olsun. Kiminsə hansısa həkim xoşuna gəlmirsə, digərinə müraciət etsin, seçim hüququ verilib".