"Mirələkbər Ağa" məscidi - VİDEO

Müstəqillik illərimizin daha bir qurbanı: “Mirələkbər Ağa” məscidi. Bakı şəhərinin mərkəzində, Murtuza Muxtarov küçəsində 2016-ci ilin mayına qədər mövcud olan bu abidənin, Allah evinin tikilməsi tarixi 1889-cu ilə təsadüf edir. Məscid Nəcəf alimlərindən olmuş Mirələkbər ağanın adını daşıyır. O, dini təhsilini başa vurub vətənə qayıtma ərəfəsində qaynatası, böyük sahibkar Hacı Zülfüqar kürəkəninin şərəfinə bu məscidi ucaldır. İndiki Akademik Milli Dram Teatrının arxasında ucalan məscid Mirələkbər ağanın gəlişinə qədər inşa olunur. Məscidin yaxınlığında yaşayan Mirələkbər ağanın özü 1927-ci ilə qədər həmin məsciddə dini təbliğlə məşğul olur. Sovetlərin dinə qarşı repressiyaları 1927-ci ildə məscidin qapadılmasına gətirib çıxarır. Məscid “Azdrama”nın balansına anbar olaraq verilir. Mirələkbər ağa isə malı müsadirə olunmaqla məhrumiyyətlərə məruz qalır. Köhnə ata-baba mülkü olan Maştağadakı evinə köçən ilahiyyatçıya burada da dinclik verilmir. O, Dövlət Təhlükəsizlik Komitəsinin uzunmüddətli təqiblərindən sonra, 1937-ci ilin əvvəllərində həbs olunur və həmin ilin 26 mart tarixində güllələnir. Sovet illərində məscid elə “Azdrama”nın anbarı olaraq qalır. Müstəqilliyin ilkin illərində Mirələkbər ağanın nəvələri məscidin bərpası üçün ciddi addımlar atır. Hətta məscidin teatrdan alınmasına belə nail olurlar. Bundan sonra ailə məscidin rəsmi təmiri, tarixi abidənin restavrasiya olunması üçün əlaqədar təşkilatlara müraciət edir. Cavabların alınması uzun bir zaman sürüncə bir gün ailə öyrənir ki, məscidin təmiri başlayıb. Bu, ailəni sevindirsə də, bu sevinc uzun sürmür. Təmir bitincə aydın olur ki, məscidi Mədəniyyət Fondu təmir etdirib və onu “Yuğ” teatrına verib. Ailə əlində olan bütün, o cümlədən ötən əsrə aid olan məscidin mülk sənədləri ilə əlaqədar təşkilatlara müraciət etsə də, heç bir nəticə əldə olunmur. Məsciddə Yuğ teatrı fəaliyyət göstərməyə davam edir. 2014-cu ildən ərazidə başlanan söküntü işləri ailənin məscidlə bağlı narahatlıqlarını bir az da artırır. Ailə üzvüləri mövzu ilə bağlı məscidin yerləşdiyi Yasamal Rayon İcra hakimiyyətində olurlar. İdarədən onlara bildirilir ki, məscid 3700 saylı inventara əsasən tarixi abidələr sırasına daxildir və heç bir halda sökülə bilməz. İlkin dövrlərdə ərazidə söküntü işləri aparılsa da, məscidə dəyilmir. Lakin bir müddət sonra söküntü işlərinin növbəsi məscidə də gəlib çatır. 20 may 2016-cı il tarixdə əraziyə ağır texnika və polis qüvvələri yeridilir. Yerli sakinlər və məscidin varislərinə əraziyə yaxınlaşmasına icazə verilmir. Bir neçə saat ərzində Allah evi tamami ilə dağıdılır. Tarixi abidə olmaqla yanaşı, ibadət ocağının sökülməsi həqiqətən də tariximizə, dinizmizə xəyanətdən başqa bir şey deyil.