Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmayıb

Mayın 19-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.

O, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Vəkilin sözlərinə görə, Hacıyev məhkəmədə iştirak edib.

“Bəxtiyar Hacıyevin psixoloji durumu çox gərgindir. Onda panik ataklar yaranıb. Bununla bağlı dərman terapiyasına başlamasına baxmayaraq hələ effekt vermir. Vəziyyəti gərgin olaraq qalır”, Rəhimli qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddətini iyunun 28-dək uzadılıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

 

Amerikanın Səsi