Məhkəmə Almaniyadan deportasiya olunan fəalın həbs müdətini bir il azaldıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan sonra həbsə məhkum edilən Cəfər Mirzəyevin həbs müddətini 6 ildən 5 ilə endirib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Vəkil hesab edir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanları aradan qaldırmayıb.

"Apellyasiya Məhkəməsi də ədalətli araşdırma prinsipini təmin etmədi. Cinayət işində kifayət qədər ziddiyətlər var. Ən başlıcası narkotikin götürülməsi ilə bağlı məhkəməyə təqdim edilən video-çəkiliş tam deyil. Videonun bir hissəsi pozulub. Bu çəkiliş heç bir halda mötəbər sübut sayıla bilməz. Ən azı bu səbəbdən cinayət işinə bəraətverici əsasla xitam verilməli idi. Bundan başqa, məhkəmə polisin əməliyyat qeydiyyat kitabının təqdim edilməsi ilə bağlı vəsatətimi təmin etmədi. Cinayət işində qeyd edilib ki, guya polisə qabaqcadan Cəfər Mirzəyevin narkotik satması ilə bağlı əməliyyat məlumatı daxil olub. Bu səbəbdən də əməliyyat qeydiyyat kitabının tərdim edilməısini istədim. Əməliyyat qeydiyyat kitabında yəqin ki, belə bir qeydiyyat yoxdur", o qeyd edib.

Həmçinin məhkəmə narkotikin götürülməsinə baxışın əks olunduğu video- diskin təqdim edilməsi barədə vəsatəti təmin etməyib.

Vəkil hesab edir ki, Mirzəyev siyasi fəaliyyətinə görə həbs edilib.

"O, Almaniyada hökumət əleyhinə aksiyalarda iştirak edib və hökuməti tənqid edib. Cəfər Mirzəyev məhkəmədə dedi ki, məhz bu səbəbdən sifarişlə həbs edilib", vəkil qeyd edib.

Nemət Kərimli Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şukayəti verəcəyini deyib.

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Cavid Hüseynovun sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan az sonra saxlanılan Cəfər Mirzəyevi narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il həbsə məhkum edib.

Cəfər Mirzəyev məhkəmədə istintaq dövründə ona edilən işgəncələr barəsində danışıb və həbsinin sifariş olduğunu deyib.

Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 5 fəaldan biridir.