Livan Hizbullahının yeni Baş katibi: Seyid Həsən Nəsrullahın döyüş planını davam etdirəcəyik

Hizbullahın yeni Baş katibi Şeyx Nəim Qasim vurğulayıb: “İsrail rejimini Livandan qovan beynəlxalq qətnamələr deyil, müqavimət oldu.”

Livan Hizbullah Hərəkatının yeni Baş katibi Şeyx Nəim Qasim ilk çıxışında vurğulayıb: “Döyüş yolunda biz planlaşdırılmış inkişaflar çərçivəsində qalırıq.”

Şeyx Nəim Qasim müqavimət liderlərini təqdir edərkən düşmənin həm həbsxanada, həm də zindandan kənarda Yəhya Sinvardan qorxduğunu vurğulayaraq deyib: “Şəhid Yəhya Sinvar Fələstinin və dünyanın azad insanlarının qəhrəmanlıq və müqavimət simvolu idi. Düşmən zindanda da, azadlıqda da ondan qorxurdu və belə də qalacaq.”

Müqavimət lideri Seyid Həsən Nəsrullah haqqında danışarkən deyib: “Şəhid liderlərimizin qanı qalacaq və bu yolu davam etdirmək əzmimizi artıracaq.”

Şeyx Nəim Qasim öz planlarını açıqlayaraq bildirib: “Mənim iş planım liderimiz Seyid Həsən Nəsrullahın planıdır. Onun və partiya rəhbərlərinin formalaşdırdığı müharibə planını həyata keçirməyə davam edəcəyik. Qəzzəyə dəstək vermək İsrailin Qəzzə qapısından bütün bölgəyə təhlükəsi ilə mübarizə aparmaq üçün zəruridir. Qəzzə əhalisini dəstəkləmək bu xalqın haqqıdır.”

Hizbullahın Baş katibi vurğulayıb: “Dəfələrlə demişik ki, Seyyidimizin də vurğuladığı kimi, biz müharibə istəmirik, amma bizə müharibə tətbiq edilərsə, biz buna hazırıq və bununla izzətlə, qürurla mübarizə aparacağıq.”

Livan Hizbullahın Baş katibi əlavə edib: “Biz heç kimin tərəfindən döyüşmürük, məqsədimiz torpağımızı və ölkəmizi qorumaqdır. İran bizi dəstəkləyir və bunun müqabilində bizdən heç nə istəmir. İsraillə qarşıdurmada bizə dəstək verən istənilən Ərəb və İslam ölkəsini alqışlayırıq.”

Şeyx Naim Qasim çıxışının davamında deyib: “Hizbullah özünü dirçəltməyi bacardı və döyüş meydanı bunu sübut edir, çünki Hizbullah çoxlu imkanlara malik böyük və tutarlı bir təşkilatdır.”

Müqavimət hərəkatının lideri qeyd edib: “Düşmən bilməlidir ki, kəndlərimizi, şəhərlərimizi bombalamaq heç vaxt müqaviməti dayandırmayacaq. Müqavimət güclüdür və Netanyahunun otağına pilotsuz təyyarə göndərə bildi. Netanyahu bu dəfə xilas oldu, bəlkə də əcəli hələ çatmamışdı. Biz düşmənə ağrılı zərbələr vururuq, Benyamina, Hayfa, Əkka və digər şəhərləri hədəf aldıq. Bu döyüşü “Cəsurlar” döyüşü adlandırmaq qərarına gəldik.”