Kasıbların gəlirləri misqalla, varlılarınkı çuvalla artır

Yüksək inflyasiya son 8 ildə (2015-2023-cü illər) əhalinin yoxsul qruplarının alıcılıq qabiliyyətinin ən azı 40 faiz itirilməsinə səbəb olub. Bunu hər hansı müstəqil araşdırmanın ortaya çıxardığı rəqəmlər yox, elə rəsmi statistikanın açıqladığı faktlar ortaya qoyur.

 

Əhalinin ən yoxsul 20 faizllik qrupu daha da yoxsullaşıb  

Dövlət Statistika Komitəsinin (DSK) ev təsərrüfatları ilə bağlı tədiqiqatları çərçivəsində açıqlanan məlumatlara görə, 2015-2023-cü illərdə ən yoxsul 20 faizlik əhali qrupu üzrə adambaşına orta aylıq gəlirlərin nominal məbləği təxminən 20 faiz və ya hər il orta hesabla 2,5 faiz artıb. Mütləq ifadədə aylıq adambaşına orta gəlirlərin məbləği 168 manatdan 204 manata yüksəlib.

Amma əhalinin ən zəngin 20 faizlik əhali qrupu üzrə adambaşına orta aylıq gəlirlərin nominal məbləği təxminən 82 faiz (hər il orta hesabla 10 faizdən çox) artıb. Mütləq ifadədə aylıq adambaşına orta gəlirlərin məbləği 352 manatdan 610 manata çatıb.

Yenə də rəsmi məlumatlara əsasən görmək olur ki, inflyasiyanın gəlirləri əhəmiyyətli səviyyədə üstələməsi nəticəsində əhalinin ən yoxsul 20 faizlik hissəsi daha da yoxsullaşıb. Bu qənaəti həmin qrup üzrə yaşayış minimumunun dəyərinə nisbətinin dinamikası aydın bir şəkildə təsdiqləyir: 2015-ci ildə qeyd olunan yoxsul əhali qrupu üzrə adambaşına gəlirlər rəsmi təsdiqlənən yaşayış minimumunun (136 manat) 1,2 mislinə bərabər idisə, 2023-cü ilin yekunlarına görə həmin göstərici 0,8-ə enib. Bu o deməkdir ki, əgər kasıb qrup üzrə adambaşına orta aylıq gəlirlərin 20 faizini digər ehtiyaclara yönəltmək olurdusa (yayayış minimumunu təmin edəndən sonra), 2023-cü ildə minimum xərcləri ödəmək üçün kənardan maddi dəstəyə ehtiyac yaranıb.

DSK-nın ən son açıqladığı məlumatlar göstərir ki, 2024-cü ilə əhalinin ən yoxsul 20 fazilik hissəsinin alıcılıq qabiliyyətinin azalması davam edib. Bu ilin 6 ayının yekunlarına görə, həmin əhali kateqoriyası üzrə orta aylıq gəlirlə yaşayış minimumu arasındakı nisbət 0,75-ə enib – bu, son 1 ildə yoxsul vətəndaşların alıcılıq qabiliyyətinin daha 5 faiz azaldığının rəsmi təsdiqidir.

 

Ən vacib qida məhsullarına münasibətdə də alıcılıq qabiliyyəti kəskin azalıb

Yaşayış minimununun tərkibinə daxil olan ən mühüm qida məhsullarına münasibətdə yoxsul əhalinin alıcılıq qabiliyyətinin necə sürətlə azaldığına diqqət yetirdikdə, mənzərə daha aydın görünür. Məsələn, 2015-ci ildə əhalinin ən yoxsul 20 faizi üzrə orta aylıq gəlir məbləğinə 23 kq mal əti, yaxud 23 kq kərə yağı almaq mümkün idi. Rəsmi statistikanın məlumatına görə, həmin il 1 kq mal ətinin qiyməti 7,4 manat, 1 kq kərə yağının qiyməti isə 7,3 manat olmuşdu.

2023-cü ildə isə yoxsul əhali qrupunun orta gəlir məbləği 14,5 kq mal ətinin, yaxud 10,6 kq kərə yağının dəyərinə bərabər olub.

Qiymətlərin daha üstün sürətlə artması, gəlirlərinsə azalması nəticəsində 2024-cü ildə əsas qida məhsullarına münasibətdə yoxsul insanların alıcılıq qabiliyyəti bir qədər də azalıb. Məsələn, ötən ilin yekunları ilə müqayisədə 2024-cü ilin birinci  yarısında əhalinin ən yoxsul 20 faizi üzrə orta aylıq gəlir məbləği (203 manat) 0,3 faiz azalıb. Qiymət artımlarının davam etdiyi şəraitdə bu gəlirlər hesabına alına biləcək mal ətinin həcmi 14,2 kiloqrama, kərə yağının həcmi isə 9,9 kiloqrama enib. Bu isə son 6 ayda kasıb əhali qrupunun alıcılıq qabiliyyətinin ən azı 4-5 faiz azalması deməkdir.