İraqın baş naziri: Artıq xarici qüvvələrə ehtiyacımız yoxdur

 İraqın baş naziri Bağdadın bu qüvvələrlə gələcək əməkdaşlıq formasını müəyyən etmək üçün ABŞ koalisiyası ilə görüşdüyünü və bundan sonra İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı olmadığını bildirib.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani dünən Bağdadda bu ölkənin bəzi hərbi rəhbərləri ilə görüşüb. Məhəmməd Şia Sudani deyib: “Bu gün İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı yoxdur. Beynəlxalq koalisiya qüvvələri ilə gələcək əlaqələrin və əməkdaşlığın formasını müəyyən etmək üçün qabaqcıl səviyyədə müzakirələr davam etdirilir”.

Bu bəyanatlar bu ölkənin müdafiə naziri Məhəmməd Sabit əl-Abasinin başçılıq etdiyi İraq hərbi rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin Vaşinqtona səfərindən sonra verilib.

İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü Yəhya Rəsul səfərdən əvvəl bu açıqlamaları verib: “İraq nümayəndə heyəti ABŞ-a səfəri zamanı müxtəlif görüşlərdə iştirak edəcək. Bu görüşlərdə beynəlxalq koalisiya qüvvələrinin mövcudluğu, İraq və ABŞ arasında ikitərəfli təhlükəsizlik əməkdaşlığı, xüsusilə kəşfiyyat sahəsində təcrübə və məlumat mübadiləsi, İŞİD ünsürlərinin təqibi müzakirə olunacaq. İŞİD-in qapalı dairələrdə planlaşdırılan azğın zehniyyətinin məqsədi bölgəyə hakim olmaq idi. Şiələrin dini nüfuzu olan Ayətullah Seyid Əli Sistaninin mövqeyi və iraqlıların fədakarlığı İŞİD-in planını alt-üst etdi.”

3 yanvar 2020-ci ildə İraq Parlamenti İslam Respublikasının İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani, Əbu Mehdi əl-Mühəndis və onun yoldaşlarının Bağdad Hava limanı yaxınlığında öldürülməsindən sonra ABŞ əsgərlərinin İrandan çıxarılması qərarını təsdiqləyib.

Bağdad və Vaşinqton arasında İŞİD-lə müharibənin başa çatması səbəbindən ABŞ-ın İraqdakı hərbi varlığına son qoymaq üçün bir neçə raund strateji danışıqlara və həmçinin bu ölkə parlamentinin bütün xarici qoşunların İraq torpaqlarından çıxarılmasını təsdiqləməsinə baxmayaraq, ABŞ koalisiyası hələ də İraq ərazisində bu qərarı pozaraq orada mövcuddur.