İranın əxlaq polisi öz vəzifəsinə qayıdır

İran rəsmiləri bazar günü əxlaq polisinin yenidən küçələrə qayıdacağını və ölkədəki hicab qanunlarına riayət olunmasına nəzarət edəcəklərini bildirib.

Ötən il 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölməsindən sonra baş qaldıran etirazların ardınca əxlaq polisi küçələrdən yığışdırılmışdı. Əmini əxlaq polisi tərəfindən baş örtüyünü açıq geyindiyinə görə saxlanılmışdı.

FARAJA kimi tanınan İran polis qüvvələrinin sözçüsü Səid Müntəzir əl-Mehdi əxlaq polisnin ictimai tələb əsasında küçələrə qaytarıldığını bildirib. O deyib ki, “qeyri-ənənəvi geyim” nümayiş etdirən şəxslərə qarşı ölçülər götürüləcək.

İranda 1979-cu ildə Ruhulla Xomeyninin rəhbərliyi altında islamçı qüvvələrin hakimiyyətə gəlməsindən sonra qadınlara başıaçıq gəzmək qadağan olunub.