İran bəhanədir, əslində İslama qarşı mübarizə aparılır

Zamanla yaşanan hadisələr anti-islam ab-havasını göstərsə də, hər gərginlik buna don geyindirilməsi ilə nəticələnib. Məscidlərin sökülməsi “qanunsuz tikili”, dinin təbliğində fərqlənən mətbu orqanların “tolerantlığın pozulması” adı ilə qapadılması, tanınmış ruhanilərin gülünc və məntiqsiz iddialarla həbs edilməsi, “dini zəmində qarşıdurma yaratma” və s. iddialarla İslam ədəbiyyatının məhdudiyyətlərlə üzləşməsi kimi hallar ölkədə yetərincə dini problemlərə yol açıb. Bunun sətiraltı həqiqəti də hər bir inanclı üçün bəllidir.
Qeyd olunan və olunmayan bir çox islamazidd əməlləri anlamaq üçün qadağalarla üzləşən tərəfin məhz şiə əqidəsi və Əhli-beyt (ə) inancının olması faktı bunun arxasında kifayət qədər maraqlı olan dövlətlərin dayandığından xəbər verir. Son hadisələr isə məsələni tam aydınladaraq bu ölkədə hədəfin İslam-Əhli-beyt (ə) olduğunu bariz şəkildə ortaya qoydu.
İranla yaşanan gərginlik arzuolunmaz həddə qədər yüksəlib. Azərbaycanın dincliyinə qənim kəsilənlər, bu ölkənin siyasi durumuna təsir göstərərək buranı qan gölünə çevirmək istəyində israrlıdır. Şiə əqidəsinə düşmən olan dövlətlər və onların maraqlarına İslamı qurban verən bəzi dairələr bu yolla şiəlik və bu əqidənin mərcəiyyət institutsionallığını dünyada “modern yumşaq İslam” adlı yeni ruhsuz təlimlə əvəz etmək istəyirlər. Zamanla Azərbaycana yanlış əqidə və dinlər, siyasi düşüncələri yeritməyə çalışan bu ünsürlərin uğursuz addımları son dövrlər müctəhidlərin hədəfə alınması ilə aşkar bir siyasət sürdürməkdədir. İşin davamı isə mövzunu həqiqətinin zirvəsinə çəkərək İmamətin belə hədəfə gətirilməsinə rəvac verib. Əhli-beytin (ə) pak və məsum çöhrəsi əsrlərdir davam edən bu yola nur ələyən baxışları ilə müctəhidlərin yetişməsi bu gün bir çox məğlub məktəblərin nifrəti ilə üzləşib. Onlar müctəhidlik məktəbinə zərbəni imamətin məsum çöhrəsinə tövhin etməklə istəklərinə çatacaqlarına ümidlidirlər.
Günlərdir hədəfə alınan dəyərlərin fonunda İmamətə açıq həqarət bu addımın arxasında gizlənən həqiqəti bir daha REAL TV ekranlarından od olaraq püskürdü. Güya İrana qarşı nifrət sərgiləyən, özünü yalançı vətənpərvər göstərən ünsür elə vətəninin əqidə bəslədiyi inancını planlı aşağılamaqla təhqir etməsi qeyd olunan siyasətin çılpaq formasıdır. Burada "Mir"Şahin Ağayev əsla mövzu deyil və ola da bilməz! Onun şəxsiyyətinə nöqtəni zamanında Milli Məclisin elə efir məkanından yayımlanan iclası zamanı Calal Əliyev qoyub. Sonrakı illərdə onun dəfələrlə üzr istədiyi səhvlərini saymaqla bitirmək olmaz. Deməli, heç kəsə lazım olmayan bu Cəlal Əliyevin dediyi məxluq həqarət üçün xərclənən növbəti "qurban" olaraq bu oyunun fiqurudur. Üstəlik, özünün də seyid nəslindən, şəcərəsindən iddia olunduğu bir halda.
Eyni zamanda, hədəfə alınan xüsusi simaların da təsadüfi seçilməməsi, insanlığın mübarizə meyarı, haqqın müdafiə simvolu, şiəliyin varlığını insanlığın anlayacağı tərzdə göstərən İmam Hüseyn (ə) və onun sədaqətli, dəyanətli, qeyrətli bayraqdarı Həzrət Əbülfəz Abbas (s.ə.) bu işdə incələnməmiş deyil. Azərbaycan xalqının canına-qanına hopmuş Əhli-beyt (ə) sevgisi təkcə dini məhəbbət yox, eyni zamanda, bu dəyərlərdən irəli gələn mübarizə məktəbidir. Hər bir kəs 44 günlük Vətən müharibəsində əqidə aşiqlərinin fədakarlığına nümunə olan mübarizə ruhunu az-çox eşidib və eşidir də. Bu isə məktəbin qeyrət simvollarının Vətən üçün göstərdikləri fədakarlıq nümunələrinin bu məktəbə dil uzadanlara verə biləcəkləri cavabı sadə dillə izah edir.

MBH-Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti.
28.10.2022.