İordaniya “Müsəlman Qardaşları” təşkilatının fəaliyyətini qadağan etdi

Bu addım ölkənin ən böyük müxalifət partiyasının da bağlana biləcəyi deməkdir.

Qərbin “yaxın müttəfiqi” kimi görünən İordaniya İslamçı “Müsəlman Qardaşlar” Hərəkatına qarşı geniş qadağa elan edib.

Bu addım ölkənin ən böyük müxalifət partiyasının da bağlana biləcəyi deməkdir.

Səlahiyyətlilər hücumları planlaşdırmaqda Müsəlman Qardaşlarını günahlandırır, eyni zamanda, bütün regionda qruplaşma ilə əlaqəsi olan İslam Fəaliyyət Cəbhəsi keçən il parlament seçkilərində ən çox yer qazanıb.

Bu seçkilər HƏMAS-la müharibə səbəbindən İsrailə qarşı kütləvi etirazların kölgəsində baş tutub.

Krallıq 10 il əvvəl “Müsəlman Qardaşlar”ı qadağan etmişdi, lakin sonradan parçalanmış qrupa rəsmi lisenziya vermişdi. Bununla da o, İslami Fəaliyyət Cəbhəsinə bəzi məhdudiyyətlərlə fəaliyyətini davam etdirməsinə icazə verdi. Hələlik son qadağanın nə dərəcədə əhatəli olacağı bəlli deyil.

Çərşənbə günü verilən bəyanatdan sonra polis İslami Fəaliyyət Cəbhəsinin qərargahını mühasirəyə alıb, orada axtarış aparıb və bir çox sənədləri ələ keçirib.

Daxili İşlər Nazirliyi Müsəlman Qardaşlarının indi qeyri-qanuni təşkilat hesab edildiyini, qruplaşma ilə əlaqəli bütün siyasi fəaliyyətlərin qadağan edildiyini və ofislərinin bağlanacağını açıqlayıb. Qrupun aktivlərinə həbs qoyulması prosesinin sürətləndiriləcəyi də açıqlanıb.

Nazirlik qrup üzvlərinin gizli fəaliyyət göstərdiyini və ölkədə sabitliyi pozmağa cəhd etdiyini bildirib. “Fəaliyyəti dayandırılmış “Müsəlman Qardaşlar”ın üzvləri ictimai asayişi pozaraq, təhlükəsizliyə və milli birliyə zərbə vurublar”, - deyə məlumatda bildirilir.

Həmçinin qrup liderlərindən birinin oğlunun təhlükəsizlik qüvvələrinə qarşı istifadə etmək üçün bomba hazırlayanlarla birlikdə hərəkət etdiyi iddia edilib. Lakin adlar və təfərrüatlar verilməyib.

Keçən həftə İordaniya qısa mənzilli raketlər istehsal etməkdə, partlayıcı maddələr və avtomatik silahlara sahib olmaqda, raketi istifadəyə hazır saxlamaqda və qeyri-qanuni olaraq insan cəlb etməkdə ittiham olunan 16 nəfəri saxladığını açıqlayıb.

Hökumət bu şəxslərin “lisenziyasız qruplara” aid olduğunu bildirib və bu, Müsəlman Qardaşlarına istinad kimi şərh edilib.

Müsəlman Qardaşları bütün ittihamları rədd edərək, İordaniyanın təhlükəsizliyinə sadiq olduqlarını bildiriblər.

İslami Fəaliyyət Cəbhəsinin baş katibi Vail Əl-Səqqa rəhbərlik etdiyi partiyanın “Müsəlman Qardaşlar” da daxil olmaqla heç bir təşkilati strukturla əlaqəsi olmadığını və qanunun tələblərinə uyğun hərəkət etdiklərini bildirib.

“Biz həmişə ictimai asayiş, qanun və konstitusiyaya sadiq olduğumuzu açıq şəkildə bildirmişik” deyən Əl-Saqqa təhlükəsizlik qüvvələrinin qərargaha basqının onları təəccübləndirdiyini bildirib.

İordaniya İsrail işğal altındakı İordan çayının qərb sahili, Suriya, İraq və Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan, çoxlu qaçqına ev sahibliyi edən və müxtəlif münaqişələrdən təsirlənən bir ölkədir.

Təxminən 100 il əvvəl Misirdə qurulan “Müsəlman Qardaşlar”ın bütün dünyada bir çox şöbələri var. Qrup liderləri onilliklər əvvəl zorakılığı rədd etdiklərini və seçkilər və dinc vasitələrlə İslam hakimiyyətini qurmağı hədəflədiklərini deyirlər. Bununla belə, bir çox region ölkələri və ekspertlər təşkilatı ciddi təhlükə kimi görürlər.