Hindistan Türkiyəni boykot edir: Milyardlarla dollarlıq idxal risk altındadırmı?

Hindistan mediası boykotdan milyardlarla dollarlıq idxalın və milyonlarla dollarlıq turizm xərclərinin təsirlənəcəyini iddia edir. Bununla belə, bu addımın həqiqətən Türkiyəyə təsir edib-etməyəcəyi ilə bağlı sual işarələri də var.

Türkiyənin Hindistan və Pakistan arasındakı qarşıdurmada İslamabada verdiyi dəstəkdən sonra Hindistanda türk mallarına və şirkətlərinə qarşı boykot hərəkatı başlayıb.

Hərəkat əvvəlcə Türkiyəyə turist səfərlərinin ləğvi ilə bağlı ictimai çağırışlarla başlasa da, Hindistan hökumətinin türk şirkətləri və universitetləri ilə əlaqələri kəsməsindən sonra daha da genişlənib.

Xüsusilə Pakistanın Hindistana qarşı Türkiyənin pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə bağlı iddialar boykot hərəkatına təkan verib.

Hindistan cümə axşamı günü elan etdi ki, Celebi aviasiya firmasının Hindistanın hava limanlarında fəaliyyət göstərməsini milli təhlükəsizlik narahatlığı səbəbi ilə qadağan edib. Şirkət Hindistan hökumətinin mövqeyinə qarşı qanuni hüquqlarından istifadə edəcəyini açıqlayıb.

Daha sonra bir sıra Hindistan universitetləri də Türkiyədəki qurumlarla akademik əlaqələrini dayandırıb.

Hindistan mediası boykotdan milyardlarla dollarlıq idxalın və milyonlarla dollarlıq turizm xərclərinin təsirlənəcəyini iddia edir. Bununla belə, bu addımın həqiqətən Türkiyəyə təsir edib-etməyəcəyi ilə bağlı sual işarələri də var.

Hindistan mətbuatında çıxan son xəbərlərdə boykot hərəkatının Türkiyəyə baha başa gələcəyi iddia edilir.

News18 telekanalı Türkiyə üçün 2000 rezervasiyanın ləğv edildiyini və 2025-ci ildə planlaşdırılan 50 hind toyundan 30-nun təhlükə altında olduğunu iddia edib. Hər bir hind toyunun təxminən 3 milyon dollar dəyərində olduğu deyilir. Buna əsasən, Türkiyənin ləğvlər səbəbindən birbaşa olaraq 90 milyon dollara qədər itki ilə üzləşə biləcəyi iddia edilir.

"Hindistan toyları Türkiyənin turizm iqtisadiyyatına ildə 140 milyon dollardan çox töhfə verir və bu dəyişikliyin təsiri seysmik olacaq", Hindistanın toy planlaşdırma firması Kestone Utsavın baş nümayəndəsi Nikhil Mahajan, eyni zamanda Hindistanın biznes qəzeti olan Financial Express-ə bildirib.

 

“Ləğvlər 250 faiz artıb”

MakeMyTrip turizm saytının nümayəndəsi BBC-yə bildirib ki, "Hindistanlı turistlər son həftədə güclü əhval-ruhiyyə ifadə ediblər. Azərbaycan və Türkiyəyə sifarişlər 60 faiz azalıb, ləğvlər isə 250 faiz artıb".

Rəsmi məlumatlara görə, Türkiyəyə 2023-cü ildə 274 min olan hindistanlı ziyarətçilərin sayı 2024-cü ildə 330 min 100-ə yüksəlib. Keçən il Azərbaycana gələn hindistanlıların sayında da artım olub, təxminən 244 min nəfər gəlib.

 

Hindlilər 1 faizdən azını təşkil edir

BBC-nin məlumatına görə, sayının artmasına baxmayaraq, hindular 2024-cü ildə Türkiyəyə gələn xarici ziyarətçilərin yüzdə 1-dən azını təşkil edib.

Bu o deməkdir ki, onların ümumi turizm gəlirinə məhdud təsirləri ola bilər.

Azərbaycanda isə bu göstərici daha yüksəkdir. Ölkəyə gələn xarici turistlərin 9 faizini hindular təşkil edir.

2,84 milyard dollarlıq Türkiyə idxalı təhlükədədirmi?

Hindistanda yüksələn son boykot hərəkatı "Öncə Millət" adlanır. Bu kontekstdə tacirlərə Türkiyədən aldıqları alma və mərməri boykot etmələri üçün təzyiqlər var.

Business Standard-ın məlumatına görə, 2024-25-ci ilin aprel-fevral aylarında Hindistanın Türkiyəyə ixracı 5,2 milyard dollara çatıb. Eyni dövrdə Hindistanın Türkiyədən idxalı 2,84 milyard dollar təşkil edib. Yenə də bu, Hindistanın 720 milyard dollarlıq ümumi idxalının təxminən 0,5 faizini təşkil edir. Beləliklə, bu, olduqca təvazökar bir rəqəmdir.

Digər tərəfdən, Türkiyə hələ də Hindistana almanın əsas tədarükçülərindən biridir. OEC-in məlumatına görə, Hindistan 2023-cü ildə Türkiyədən təxminən 92,8 milyon dollar dəyərində alma idxal edib.

Bundan əlavə, Hindistanda 125 mərmər şirkətini təmsil edən Udaipur Mərmər Emalçılar Birliyi Türkiyədən mərmər idxalını dərhal dayandırmağa çağırıb. Hazırda Türkiyə Hindistanın idxal etdiyi mərmərin təxminən 70 faizinin tədarükçüsüdür.

İki məhsulu boykot çağırışlarının nə dərəcədə təsirli olacağı hələlik bəlli deyil.