Güclü külək xəbərdarlığı

Dekabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.
 
Dekabrın 26-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti təxmin edilir.
 
Nazirlik xəbərdarlıq verir ki, Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enə bilər.
 
Azərbaycanın rayonlarında da dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bölgələrdə də havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enə bilər.