Fitch-dən Türkiyədəki maliyyə qurumlarına xəbərdarlıq

Kredit reytinqi agentliyi olan Fitch Ratings Türkiyədə artan siyasi qeyri-müəyyənliyin maliyyə bazarlarında dalğalanmalara və siyasət istiqamətinin dəyişməsinə səbəb ola biləcəyi və bu vəziyyətin bəzi türk maliyyə qurumlarının kredit reytinqlərindəki müsbət impulsları zəiflədə biləcəyi barədə xəbərdarlıq edib.

Fitch Ratings tərəfindən edilən qiymətləndirmədə Türkiyədəki son siyasi proseslərin xüsusilə bank sektoruna yaxından təsir edə biləcəyi vurğulanıb. Təşkilat Türkiyə banklarının xarici valyutada yüksək borclanma səviyyəsinə və məzənnə dəyişikliyinə həssaslığına görə qısa müddətdə risklərə daha açıq olduğunu bildirib. Digər tərəfdən, bank olmayan maliyyə qurumları və sığorta şirkətlərinin qısamüddətli təsirlər baxımından nisbətən daha dayanıqlı qala biləcəyi bildirilib.

Fitch xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və ondan sonra baş verən kütləvi etirazlar maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. Lirə üzərindəki ucuzlaşma təzyiqinə və dövlət istiqrazlarının faizlərinin artmasına diqqət çəkən qurum, "Türkiyə banklarının reytinqlərinin 2023-cü il prezident seçkilərindən sonra canlanma prosesinə girdiyini, lakin sərmayəçilərin və əmanətçilərin etimadını daim sarsıda biləcək siyasi gərginliyin və hadisələrin təkrarlanmasının bu müsbət tendensiyanı poza biləcəyini" qiymətləndirib.

Fitch, türk banklarının əhəmiyyətli miqdarda qısamüddətli xarici borcunun olduğuna diqqət çəkərək, investorların inamının zəifləməsinin və ya depozitlərin dollarlaşmasının artmasının yenidən maliyyələşdirmə risklərini artıra biləcəyini vurğuladı. Qiymətləndirməyə aşağıdakı ifadə daxil edilmişdir:

"Türk lirəsindəki dəyişkənliyin artması, tənzimləyicilərin dözümlülüyünə baxmayaraq, bankların kapital əmsallarına təzyiq göstərə bilər və bununla yanaşı, xarici valyutada ifadə olunan risklə ölçülmüş aktivlərin artmasına səbəb ola bilər. Bundan əlavə, makroiqtisadi şərtlər pisləşərsə, şirkətlərin, xüsusən də xarici valyutada borcu olanların ödəmə qabiliyyəti zəifləyərək keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər".

Fitch yüksək lirə faiz dərəcələrinin uzunmüddətli perspektivdə mənfəət marjasının bərpasını gecikdirəcəyini də qeyd edib. Təşkilatın qiymətləndirməsinə görə, Türkiyədə baş verən siyasi proseslərin iqtisadi sabitliyə təsiri maliyyə sisteminin zəifliklərini artırma potensialına malikdir.