BNA küləkli hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Avqustun 5-də isə Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyat sərnişinlərə müraciət edib.
 
Bu barədə Azadlıq Radiosu məlumat verib.
 
Məlumatda deyilir ki, agentlik hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb. Agentlik sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmağı, yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etməyi xahiş edib. 
 
"Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər", - BNA-dan bildirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, avqustun 5-də də şimal küləyi tez-tez sürətini artıracaq.