Bir qrup məcburi köçkün Tbilisi prospektini bağlayıb

Bu gün, sentyabrın 11-i səhər məcburi köçkünlərdən ibarət qrup Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb. 
 
Etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub. 
 
Səhər onlar Dövlət Statistika Komitəsinin qarşısında toplaşıblar. Lakin onları içəriyə bir-bir buraxıblar. 
 
Qaçqınlar məmurların davranışından hiddətlənməyə başlayıblar. Qaçqınlardan biri öz avtomobilində yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyiblər.
 
Polis əməkdaşları sürücüdən yolu açmağı tələb ediblər. O imtina etdikdə güclə maşından çıxarıb aparıblar. Etiraz əlaməti olaraq qadın yolun ortasında dayanıb.
 
Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıblar.
 
"Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik", - aksiya iştirakçılarından biri deyib.
 
"Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun", - qadın deyib.
 
Aksiyadan sonra məmurlar etirazçılarla söhbət ediblər.
 
Yol 15 dəqiqəliyə bağlanıb, bu da bir kilometrdən uzun tıxacın yaranmasına səbəb olub.
 
Turan İnformasiya Agentliyi