Beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini Aytac Tapdığa tibbi yardım göstərməyə çağırıb

“Raoul Wallenberg Centre for Human Rights” (RWCHR) həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın səhhəti ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini jurnalistin ehtiyac duyduğu ixtisaslaşmış tibbi müayinə və müalicəyə çıxışını təmin etməyə, həmçinin onu qeyd-şərtsiz azad etməyə çağırıb.

Bəyanatda bildirilir ki, 2024-cü ilin dekabrından həbsdə olan Aytac Tapdığın tənəffüs problemləri ağırlaşsa da, qulaq-burun-boğaz (LOR) mütəxəssisinin onu müayinəsinə, MRT və kompüter tomoqrafiyasından keçirilməsinə imkan yaradılmır.

RWCHR qeyd edir ki, jurnalistin burun çəpərinin əyriliyi ilə bağlı xroniki tənəffüs problemi var və həbsdə olduğu müddətdə nəfəs almaq üçün 80-dən çox burun spreyi istifadə etməli olub.\

“Human Rights Watch” da avqustun 20-də yaydığı məlumatda Aytac Tapdığın ailəsi və vəkilinə istinadən onun mütəxəssis müayinəsinə və zəruri diaqnostik prosedurlara çıxışının təmin edilmədiyini bildirmişdi.

RWCHR-nin bəyanatına görə, saxlanma yerinin qurudulmuş göl ərazisində yerləşməsi və yüksək rütubət də jurnalistin nəfəsalma problemlərini ağırlaşdırır.

Təşkilat bildirir ki, Aytac Tapdığın səhhəti beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətinə çatdırıldıqdan sonra avqustun 19-da onu təcridxanada həkim müayinə edib. Lakin Tapdıq həmin həkimin LOR mütəxəssisi olmadığını bildirib.

Bundan sonra Azərbaycan tərəfinin jurnalistin tibbi yardım aldığı barədə açıqlama verdiyi qeyd olunur. RWCHR isə bunu yetərli saymır və onun konkret olaraq mütəxəssis həkim tərəfindən müayinə olunmasını, MRT və KT müayinələrindən keçirilməsini tələb edir.

Təşkilat bəyanatında Aytac Tapdığın həbsdə fiziki və psixoloji zorakılıq, həmçinin gender əsaslı və seksual hədələrlə üzləşdiyini bildirən qadın jurnalistlərdən biri olduğunu da qeyd edib.

RWCHR jurnalistin həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirir və Azərbaycan hakimiyyətini ona qarşı irəli sürülmüş ittihamları ləğv etməyə çağırır.

“Jurnalistika cinayət deyil. Heç bir jurnalist ictimai maraq naminə gördüyü işə görə həbs olunmamalıdır”, - bəyanatda deyilir.

Təşkilat Aytac Tapdığın işi ilə yanaşı, AXCP sədri Əli Kərimli və iqtisadçı Qubad İbadoğlunun işlərini də xatırladıb. RWCHR bu halları Azərbaycanda vətəndaş cəmiyyəti, siyasi müxalifət və azad mediaya təzyiqlərin genişlənməsinin göstəricisi kimi qiymətləndirir.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması da daxil olmaqla bir neçə maddə ilə mühakimə olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri və tənqidi jurnalistika ilə əlaqələndirirlər.