Bakı meriyasından açıqlama: Gül bayramı ləğv edilib?

2000-ci ildən etibarən hər il mayın 10-da Bakının sabiq meri Hacıbala Abutalıbovun təşəbbüsü əsasında görkəmli siyasi xadim Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən Gül bayramına bu dəfə hazırlıq aparılmır.
 
Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və "Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin sonundan başlayırdı. Hacıbala Abutalıbovungöstərişilə müxtəlif dekorasiyalar qurulur, xarici ölkələrdən al-əlvan güllər gətirilirdi. 
 
Səhər saatlarında başlayan bayram tədbirlərinə axşam atəşfəşanlıqla yekun vurulurdu. Bu gün mayın 2-si olmasına baxmayaraq, Gül bayramına hər hansı hazırlıq işləri getmir...
 
Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatına salınmışdı.
 
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Gül bayramına hazırlıqla bağlı şöbəyə hər hansı məlumat daxil olmayıb: "Hər halda tədbir nəzərdə tutulsaydı, hazırlıq işləri başlayardı”.
 
Gül bayramı sabiq mer Hacıbala Abutalıbovun təşəbbüsü ilə qeyd olunurdu. Bayram Heydər Əliyevin ad günündə - 10 mayda başlayır və bir neçə gün davam edirdi.
 
Meriyanın sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilirdi.
 
Təkcə 2012-ci ildə paytaxta müxtəlif rənglərdə olan 116 ton gül gətirilmişdi. Həmin il bayramda güllərin sayı milyonu keçmişdi. Bayramda həmçinin güllərdən hazırlanmış Heydər Əliyevin portreti təqdim olunmuşdu. Abutalıbovun sözlərinə görə, gül kompozisiyalarının yaradılması üstündə qərb dizaynerlər və yerli ustalar birgə işləmişdilər.