Azərbaycanda kişilərlə bağlı UNİKAL TƏKLİF: uşağı olan atalar...

Azərbaycanda atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklif edilir.

Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.

Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, kişilərə ödənişli atalıq məzuniyyəti verilə bilər və buna normal baxır.

S.Qəhrəmanovanın sözlərinə görə, ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər: “Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün “çörək” qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir”.

trend