Azərbaycan qlobal innovasiya reytinqində 133 ölkə arasında 95-ci yerdə

MDB ölkələri içərisində yalnız Qırğızıstan və Tacikstan Azərbaycandan aşağıdadır 

Dünya İntellektual Mülkiyyət Təşkilatı (WIPO - World Intellectual Property Organization)  2024-cü il üzrə Qlobal İnnovasiya İndeksini açıqlayıb. 133 ölkəni əhatə edən hesabatda Azərbaycan 95-ci sırada qərarlaşıb.

İndeks 7 fərqli indikator qrupu çərçivəsində 78 fərqli göstərici əsasında hesablanır.

Həmin qruplara bunlar daxildir: institusional, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın təkmilliyi, biznesin təkmilliyi, bilik və texnologiya məhsulları, yaradıcılıq məhsulları.

Hər bir qrup fərqli göstəricilərdən təşkil edilib. Məsələn, institusional amil hökumətin effektivliyi, qanunun aliliyi, qanunvericiliyin keyfiyyəti, biznes fəaliyyəti üçün siyasi sabitlik kimi göstəriclər əsasında qiymətləndirilir. Yaxud infrastrukturun qiymətlənidirilməsi üçün informasiya-kommunikasiya texnolgiyalarına əlçatanlıq və onlardan istifadə səviyyəsi, hökumətin təklif etdiyi onlayn xidmətlər, logistikanın inkişafı, elektrik enerjisi istehsalının həcmi, karbon emissiyasının səviyyəsi kimi fərqli göstəricilərdən istifadə olunur.

Hər bir indikator qrupu 100 ballıq şkala ilə qiymətləndirilir və nəticələr 4 səviyyə üzrə qruplaşıdırılır: ən yüksək nəticə (1-33-cü yerə uyğun gələn), yuxarı nəticə (34-66-cı yerə uyğun gələn), aşağı nəticə (67-99-cü yerə uyğun gələn), ən pis nəticə (100-133-cü yerə uyğun gələn).

Azərbaycan 3 indikator (bilik və texnologiya məhsulları, infrastruktur və bazarın təkmilliyi) üzrə ən pis nəticə, 3 indikator (insan kapitalı və tədqiqat, yaradıcılıq məhsulları və biznesin təkmilliyi) üzrə aşağı nəticə, yalnız institusional qrup üzrə yuxarı nəticə əldə edib.  

Qlobal İnnovasiya İndeksinə Türkmənistan istisna olmaqla keçmiş SSRİ-nin bütün ölkələri daxil edilib. Baltik ölkələri ən yüksək göstəricilərlə ilk 50 ölkə arasında yer alıblar. Estoniya 16-cı sırada keçmiş SSRİ ölkələrinin ən innovativ ölkəsi kimi lider mövqeyə sahibdir.

Baltik ölkələrindən sonra ən yaxşı nəticə Gürcüstan (57-ci sıra) və Rusiyanındır (59-cu yer).  Rusiyanın ardınca Ukrayna gəlir (60-cı yer). Azərbaycan yalnız Qırğızıstan və Tacikstandan öndədir.

2023-cü ilə nisbətən Azərbaycan 6 pillə geriləyib, Gürcüstan 8 pillə, Ermənistan isə 9 pillə irəliləyib.

 

Qanunun aliliyinə görə 133 ölkə arasında 105-ci nəticə

Hesabata görə, Azərbaycan ən yaxşı nəticəni institusional mühitin yaxşılığına görə alıb və 55,1 balla 61-ci sırada qərarlaşıb.  Lakin bu bölmə üzrə bəzi mühüm göstəricilərdə son dərəcə aşağı nəticə nümayiş etdirib.

Azərbaycan hökumətin effektivliyinə görə 73-cü, qanunvericiliyin keyfiyyətinə görə 78-ci, qanunun aliliyinə görə isə 105-ci yerdə dayanır.

İnstitusional mühitə görə nisbətən yaxşı nəticə 2 göstəriciyə görədir: biznes üçün əməliyyat mühitinin sabitliyi (48-ci sıra) və biznesə başlama üçün siyasətin sabitliyi (19-cu sıra).  Bu göstəricilər biznes əməliyyatlarına təsir edən siyasi, hüquqi, əməliyyat, yaxud təhlükəsizlik risklərinin mövcudluğunu və sərtliyini, eləcə də biznes mühiti ilə bağlı siyasətin sabitliyini  ölçür.

 

İnsan kapitalı və tədqiqatla bağlı ən aşağı göstəricilər

Bu bölmə üzrə Azərbaycan 41,2 balla 91-ci yerdə qərarlaşsa da, bölmədaxili bəzi göstəricilərdə nəticə daha pisdir. Məsələn, ölkə ÜDM-ə nisbətinə görə tədqiqat və araşdırma xərclərində 95-ci, təhsil xərclərində isə 105-ci yerdədir. Ali təhsillə əhatə səviyyəsi (79-cu yer), gözlənilən təhsil illərinin müddəti (88-ci yer) kimi göstəricilə görə də Azərbaycan aşağı nəticəyə malikdir.

 

İnformasiya-kommunikasiya texnologiyaları infrastruktuna görə Azərbaycan 102-ci yerdədi 

Azərbaycan informasiya-kommunikasiya texnologoyalarına əlçatanlığa görə 69-cu, hökumətin onlayn xidmətlərinə görə 88-ci, informasiya-kommunikasiya texnologoyalarından istifadə səviyyəsinə görə 92-ci  yerdə qərarlaşıb.

Burda əlçatanlıq özü fərqli indikatorlar əsasında qiymətləndirilir. Həmin indikatorlara fərdlərin mobil telefonlara sahiblik səviyyəsi, ev təsərrüfatlarının internetə çıxışı, mobil şəbəkəyə çıxışı olanların ümumi əhaliyə nisbəti daxildir.

Eləcə də informasiya-kommunikasiya texnologoyalarından istifadə səviyyəsi bir sıra mühüm indikatorla qiymətləndirilir. Bura genişzolaqlı internetin dəyərinin adambaşına milli gəlirə nisbəti, genişzolaqlı internet trafikinin bir abunəçiyə düşən həcmi, əhalinin hər 100 nəfəri hesabı ilə mobil internet istifadəçilərinin sayı kimi göstəricilər daxildir.

 

İqtiadiyyatla bağlı göstəricilər daha aşağıdır

Qlobal İnnovasiya İndeksində Azərbaycanın göstəriciləri kifayət qədər aşağı olub. Bu göstəricilərə görə ölkənin nəticələri aşağıdakı kimidir:

Ölkə biznes tərəfindən istifadə olunan araşdırma və tədqiqatların dəyərinin ÜDM-ə nisbətinə görə 90-cı, yüksək texnoloji məhsulların idxalına görə 126-cı, informasiya-kommunikasiya texnologoyaları ilə bağlı xidmətlərin idxalına görə 126-cı, ölkəyə birbaşa xarici sərmayələrin axınına görə 128-ci, yüksək texnoloji məhsulların ixracına görə  114-cü, məhsul və ixrac səbətinin çeşidliliyinə görə 111-ci, informasiya-kommunikasiya texnologoyaları ilə bağlı xidmətlərin ixracına görə 108-ci yerdədir.

 

 

ToplumTv