Azərbaycan əhalisi pulunun yarıdan çoxunu ərzağa xərcləyir

Azərbaycan əhalisi alış-veriş zamanı pulunun 57,9 faizini ərzaq almağa xərcləyir.  Toplum TV xəbər verir ki, bu barədə mayın 12-də Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, əhali bu ilin dörd ayı ərzində 16 milyard manatlıq mal alıb. Onun 9,5 milyardı ərzaq malları, 6,9 milyardı isə qeyri-ərzaq malları almağa xərclənib.

"2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artıb", - Statistika Komitəsindən bildirilib.

Yanvar-aprel aylarında alıcıların xərclədiyi vəsaitin 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub. Xərclənən vəsaitin 1,1 faizi isə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

Həmçinin qeyd olunub ki, yanvar-aprel aylarında əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq mal alıb. Bunun 233,3 manatını ərzaq məhsulları, içki və tütün məmulatları, 171,4 manatını isə qeyri-ərzaq malları təşkil edir.

 

Toplum TV