Azərbaycan BRICS-ə niyə üzv olmaq istəyir?

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Xarici İşlər Nazirliyinin (XİN) Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov "Azərbaycan və BRICS: imkanlar və perspektivlər" adlı tədbirdə deyib ki, Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir: "BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir".

BRICS nədir?

BRICS 2006-cı ildə yaranıb. 2024-cü ilə qədər beş üzvü var idi- Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu ilsə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

"Yeni perspektivlər və imkanlar"

İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Tahir Mirkişili "Turan"a bildirib ki, Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20 faizi BRICS üzvlərinin payına düşür: "Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz üçüncü və dördüncü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar aça bilər".

Onun fikrincə, Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər: "Uzun illər böyük səylər əsasında yaradılan "Şərq-Qərb", "Şimal-Cənub" koridorlarının intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi, həm də BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır".

T.Mirkişili bildirir ki, BRICS-ə üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır: "BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni, üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. BRICS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi siyasətimizin hədəflərinə uyğundur. Hesab edirəm ki, həm Qərblə, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcək".

BRICS-ə üzvlük əlavə iqtisadi fürsətləri yarada bilər

İqtisadçı Natiq Cəfərli xatırladır ki, zaman-zaman BRICS təşkilatına yeni üzvlərin qəbulu məsələsi müzakirə olunur: "Hətta qardaş Türkiyə də belə bir istəyini səsləndirir. Qonaq qismində BRICS-in bəzi toplantılarında Türkiyə də iştirak edib. Əgər Azərbaycan Türkiyə ilə birgə bu təşkilata üzv olmaq istəyəcəksə, bunun bir anlamı var".

Ekspert deyir ki, amma iqtisadi nöqteyi-nəzərdən baxanda Azərbaycan iqtisadiyyatı daha çox Qərbə bağlıdır: "İxracatımızın 80 faizi Avropa ölkələrinədir. Əgər Avropa Birliyinin üzv ölkələri olmayan Böyük Britaniyanı, İsraili və İsveçrəni də saysaq, bu rəqəm daha çoxdur. İnvestisiya baxımından da biz Qərblə daha bağlıyıq. İllərdir ki, ən böyük ticarət tərəfdaşımız İtaliyadır".

N.Cəfərlinin sözlərinə görə, BRICS-ə üzvlük əlavə iqtisadi fürsətləri yarada bilər. "Srağagün Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu da normaldır, Azərbaycana idxalda son 20 ildə Çin həmişə ilk üçlükdədir. Bu tipli addımlarla Azərbaycan bir növ çoxşaxəli iqtisadi və siyasi münasibətlər formatı yaratmağa çalışır. Bu nə qədər uğurlu olacaq, BRICS-də iştirakı Azərbaycanın Qərblə münasibətlərinə təsir edəcəkmi, bunu gələcək göstərəcək".