Ayətullah Sistaninin Ofisi Papanın ölümüylə bağlı Vatikana məktub göndərib

Böyük təqlid müctəhidi Ayətullah Sistaninin Ofisi Papa Fransiskin vəfatı ilə Vatikanın dövlət katibi Kardinal Pietro Parolinə başsağlığı məktubu göndərib.

Başsağlığı məktubunda Papa Fransiskin dünyada böyük mənəvi nüfuza malik şəxsiyyət olduğu, onun sülhə, dözümlülüyə və dünyanın müxtəlif bölgələrində məzlumlara dəstəyə verdiyi töhfənin önəmi vurğulanıb.

Məktubda, Ayətullah Sistani ilə Papa Fransisk arasında Nəcəf-Əşrəfdə baş tutmuş tarixi görüşün əhəmiyyətinə də toxunulub. Bildirilib ki, həmin görüşdə tərəflər Allah-Təalaya iman, ilahi mesajların dəyəri, əxlaqi prinsiplərə bağlılıq, birgəyaşayışın təşviqi, zorakılıq və nifrətə qarşı durmaq, və dinlərarası hörmət və əməkdaşlıq prinsiplərinin gücləndirilməsinin vacibliyini vurğulamışdılar.

Başsağlığı mesajında həmçinin deyilir:

“Ali dini mərcəiyyət bu ağır itki münasibətilə dünya üzrə katolik kilsəsinin tərəfdarlarına başsağlığı verir, onlara səbir və rahatlıq arzulayır və Uca Allahdan onlar, eləcə də bütün bəşəriyyət üçün mərhəmət, xeyir-bərəkət və əmin-amanlıq diləyir.”