AXCP fəalı həbs edilib

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Anar Hüseynov (Anar Ərkivan) saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Anar Hüseynov AXCP üzvləri ilə birgə 20 Yanvar şəhidlərini ziyarət etdikdən sonra Nazirlər Kabinetinin binası qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

AXCP bildirir ki, məhkəmə fəalı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilib.

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, “polis rejimi” AXCP və Milli Şuranın bu ilki ziyarətinə xüsusi hazırlaşıb.

“Hamı şahid oldu ki, o ziyarəti pozmağa çalışan biri var idisə, o da hakimiyyət idi. Cəbhəçilərin yolunu kəsən də, aralarına girib, zorla parçalayan da polislər idi. Dünən axşamdan AXCP fəalı, mübariz cəbhəçi Anar Hüseynovu (Anar Ərkivan) mülki geyimlilər oğurlayıblar. Bu gün də məlumat veriblər ki, ASAN məhkəmə artıq "Şəhidlər Xiyabanına ziyarət zamanı təxribat törətmək" saxta ittihamı ilə Anar Ərkivanı 30 sutka müddətinə inzibati qaydada həbs edib”, o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, polisə qarşı iddialar əsassızdır.

“Sıxlıq yaranmaması üçün ziyarətçilər Şəhidlər Xiyabanına növbəlilik əsasında buraxılıb. Bu iş ziyarətçilərə hər hansı ayrıseçkilik qoyulmadan icra edilib. Amma, təəssüf ki, bəzi şəxslər növbəlilik prinsipini pozmağa cəhd göstərib və müxtəlif iddialar səsləndirib”, Mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Mətbuat Xidməti Anar Hüseynovun saxlanılması ilə bağlı bildirib ki, onun hərkətlərində xuliqanlıq əlamətləri olduğuna görə barəsində iş toplanaraq məhkəməyə göndərilib.

 

Amerikanın Səsi.