Arayik Arutyunyan:"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq".

Mayın 23-ü axşam saatlarında Qarabağ separatçılarının lideri Arayik Arutyunyan bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı öz çıxışlarına görə qınayan digər separatçıların səsinə qoşuldu.
Arayik Arutyunyan müraciətində bildirib ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq.
“Mən Ermənistan hakimiyyətinə müraciət edirəm ki, Artsaxın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı hər hansı hərəkət və bəyanatlardan çəkinsin, daxili və beynəlxalq sənədlərlə götürdüyü öhdəliklərə əməl etsin”.
Arutyunyan həmçinin Rusiya prezidenti Vladimir Putinə Ermənistan, Azərbaycan və Rusiya başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etmək çağırışı ilə müraciət edib.
“Biz beynəlxalq formatda dialoqa, münaqişələrin həllinə və sülhə hazırıq, lakin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırıq. Biz Azərbaycan üçün heç bir təhlükə yaratmırıq, lakin Artsax xalqının özünümüdafiə hüququ var”, - deyə Arutyunyan bildirib.
 
 
Azadlıq Qəzeti.