“Alnı partlamış, başı şişmiş, dizlərinə o qədər çəkiclə vurmuşdular ki, diz qapaqları gömgöy idi”

“Cinsiyyət orqanına və bədəninin başqa yerlərini toka veriblər, o qədər təpikləyiblər ki, qaraciyəri sıradan çıxıb. Kürdəxanıya aparılandan sonra gedib gördüm, dəhşətə gəldim, alnı partlamış vəziyyətdə idi, başı şişmişdi, dizlərinə o qədər çəkiclə vurublar ki, diz qapaqları gömgöy idi. Başını suya salıb boğublar”.
Bunu Meydan TV-yə barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə (külli miqdarda narkotik maddənin dövriyyəsi) Bakı İstintaq Təcridxanasında saxlanlan Elmar Kərimovun həyat yoldaşı Rövşanə Kərimova danışır.
“Bütün bunlardan keçən yoldaşımı hədələyiblər ki, gedib taksi sürücüsü işləyən qardaşını da gətirib bu vəziyyətə salacağıq. Yalnız ondan sonra məcbur qalıb sənədə qol çəkmişdi. Bununla da boynuna 4 qram yarım metanfetamin qoyub Kürdəxanıdakı İstintaq Təcridxanasına göndəriblər”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Elmar Kərimov həbsxanada aclıq aksiyası keçirir və vəziyyəti ürəkaçan deyil.
Yoldaşının dediyinə görə, Nizami Rayon Polis İdarəsində barəsində cinayət işi başlanmasın deyə həyat yoldaşından rüşvət alınıb:
“Müstəntiq dedi, ya dələduzluq maddəsiylə səni Kürdəxanıya göndərirəm, ya da pul gətir. Yoldaşım məcbur olub gedib başqa bir yerdən 6-7 min manatadək borca düşdü, gətirib müstəntiqə verdi. Müstəntiq də guya arada barışıq elədi, qadınla əlbir idilər, qadın şikayət ərizəsini geri götürdü. Biz də fikirləşdik ki, hər şey geridə qaldı. Qadın deyirdi, o 1500 manatın üstünı də faiz gəlir. Bizi elə duruma salmışdı ki… Bilmirdik müstəntiqə verdiyimiz pulu sahibinə qaytaraq, yoxsa bu qadının pullarını ödəyək”.
O bildirib ki, noyabrın 29-da Elmar Kərimov 20 Yanvar metrostansiyası ətrafında saxlanılaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, işgəncəyə məruz qalıb.