ABŞ Rusiya-İran yaxınlaşmasından narahatdır

Ağ Ev mayın 15-də bildirib ki, Rusiya və İranın müdafiə sahəsindəki əməkdaşlığının genişlənməsi Ukrayna müharibəsinin uzadılmasına yönəlib.

Ağ Evin milli təhlükəsizlik şurasının sözçüsü Con Körbi (John Kirby) deyib ki, Rusiya İrandan daha təkmil dronlar almağı planlaşdırır və eyni zamanda İran Rusiyadan təyyarələr və başqa hərbi texnika da daxil milyardlarla dollarlıq silah almaq niyyətindədir:

"Bu pöhrələnib hər iki tərəfə qol-budaq atan müdafiə münasibətləridir. Biz bu fəaliyyətləri faş edib dayandırmaq məqsədilə ixtiyarımızdakı bütün alətlərdən istifadə edirik və bu istiqamətdə daha çox iş görməyə hazırıq”.

Sözçü bildirib ki, Rusiya İrandan ilk növbədə təkmilləşdirilmiş döyüş dronları alır.

İran iki ay bundan əvvəl bəyan etmişdi ki, Rusiyadan Su-35 təkmil qırıcı təyyarələrinin alınması barədə saziş imzalayıb.

Nə Tehran, nə də Moskva bu sazişin detallarını açmayıblar.

Putin və Xameneyi

İranın dövlət mediası yazır ki, Tehran döyüş təyyarələri almaq üçün bir sıra ölkələrə müraciət edib və Moskva onun ricasını müsbət cavablandırıb.

Rusiya prezidenti Vladimir Putin və İranın ali rəhbəri ayətüllah Əli Xameneyi ötən iyulda Tehranda görüşmüş və Qərb sanksiyalarının təsirini azaltmaq məqsədilə ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin mühümlüyünü vurğulamışdılar.

Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalındakı canlı yayımda bunu etiraf etmişdi.

O, bunu deyəndə həmin anda mikrofonun söndürüldüyünü zənn edirdi.

Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl çatdırıb.

 

Azadlıq Radiosu.