ABŞ Nümayəndələr Palatası Corc Santosu palatadan xaric etdi

ABŞ Nümayəndələr Palatası cümə günü Nyu Yorkdan respublikaçı nümayəndə Corc Santosu seçki kampaniyası ianələrini öz şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edən tənqidi etika hesabatından sonra onu xaric etməyə səs verib. O, palata tarixində həmkarları tərəfindən uzaqlaşdırılan altıncı nümayəndədir.

Xaric edilmək üzrə səsvermənin nəticəsi 311-114 olub. Hər hansı nümayəndənin kənarlaşdırılması üçün Nümayəndələr Palatasının üçdə-ikisinin səsi tələb olunur. Nümayəndələr Palatasının Etika Komitəsinin Santosu federal qanunları pozmaqda günahlandıran hesabatı səsvermədə həlledici rol oynayıb.

Santos səsvermədən öncə onu xaric etmək səylərinə qarşı mübarizə aparıb və Nümayəndələr Palatasında debat, habelə mətbuat konfransı və müsahibələr zamanı öz müdafiəsini aparıb.

“Mən sakit dayanmayacağam,” qanunvericilər səsvermədən öncə onun kənarlaşdırılmasını müzakirə edərkən Santos bəyan edib. “Məni bura Nyu Yorkun Üçüncü Dairəsinin insanları göndərib. Əgər məni çıxarmaq istəyirlərsə, siz o insanları susdurmalı və sərt səsvermədə iştirak etməli olacaqsınız.”

Nümayəndələr Palatasında daha öncə xaric edilənlərdən üçü Vətəndaş Müharibəsi dövründə İttifaqa sədaqətsizlik səbəbilə kənarlaşdırılıb. Digər iki qanunvericl federal məhkəmədə cinayətdə təqsirli bilinəndən sonra xaric edilib. Santos vəzifədə qalmaq üçün birbaşa olaraq kənarlaşdırılmaları daha adi hala çevirəcək yeni presedentin yaradılacağından narahat olan qanunvericilərə müraciət edib.

Santosu xaric etməklə bağlı narahatlığını dilə gətirənlər arasında Nümayəndələr Palatasının spikeri Mayk Conson olub, hərçənd ki, o, üzvlərə vicdanlarına əsaslanaraq səs vermələrini söyləyib. Rəhbərlik daxilində digərləri onun əsaslandırması ilə razılaşıblar və kənarlaşdırmaya qarşı çıxıblar. Ancaq bəzi Respublikaçılar, o cümlədən Santosun Nyu Yorkdan həmkarları deyib ki, seçicilər qanunvericilərin daha yüksək standartlara tabe olmasını alqışlayır.

“Mən əminəm ki, Amerika xalqı bunu alqışlayacaq. Mən əminəm ki, Amerika xalqı bunu gözləyəcək, və mən ümid edirəm ki, sabah bu böyük palatada biz bu presedenti qoyacağıq,” Respublikaçı nümayəndə Antoni D’Esposito deyib.

Santos qanunvericilərə xəbərdarlıq edib ki, onlar özünü izah etmək imkanı olmadan bir üzvü kənarlaşdırmaqdan peşman olacaqlar.

 

Amerikanın Səsi