“20 Yanvar” yürüşü ilə bağlı 6 MBH üzvü inzibati cəza aldı

Yanvarın 20-də şəhidlərin ziyarəti zamanı Müsəlman Birliyi Hərəkatının üzvlərinin söylədikləri şüarlarla bağlı saxlanılanların sayı 6-ya çatdı. 20-si gecədən müxtəlif polis bölmələrinə çağırılan, bəziləri isə evlərindən məcburi olaraq idarələrə gətirilən 20-dən artıq hərəkat üzvünün bəziləri sərbəst buraxılsa da, 6 hərəkat üzvü inzibatı cəza alaraq saxlanılıb. Bunlardan Nizami Əhmədov, Tərlan Səyyadov, İmran Məmmədli, Həsən Abbaszadə, Telman Rəşidov, Rövşən Əliyev olmaqla hər birinə 30 gün inzibatı cəza tətbiq edilib. Mərasimdə “dini şüar” söylənilən yeganə “Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız”  şüarı olmuşdu ki, bu şüar da bütün ikinci Qarabağ müharibəsi zamanı əsgərlərin dillərində səslənən mübarizə əzmi, şəhid olan igidlərimizin isə dəfni zamanı kütlənin qəhrəmanlıq şüarı idi. Bundan əlavə olaraq illərdir 20 yanvar şəhidlərinin ziyarəti zamanı səsləndirilən bu şüarın məhz bu il “qadağan olunmuş dini şüarlar” sırasına salınması təəccüb yaradan şübhəli məqamlardandır.