Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib. Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.
Bildirilib ki, nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
"Ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq addımlar atılır", - deyə əlavə edilib.
1068 vətəndaşın sosial yardım almaq hüququ dayandırılıb
Oxşar xəbərlər