İqtisadçı Qubad İbadoğlu hesab edir ki, maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir.
ABŞ prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə fundamental struktur islahatları həyata keçirilməyəcəyi halda 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, iqtisadçı Qubad İbadoğlu son analizində qeyd edir.
İqtisadçının fikrincə, Azərbaycanın hidrokarbon gəlirlərindən asılılığı onu qlobal enerji bazarlarındakı dəyişikliklərə və ticarət axınlarına qarşı həssas edir. Trampın Milli Enerji Fövqəladə Hallar Aktının (National Energy Emergency Act) ABŞ-ın enerji müstəqilliyini artırmağa yönəlməsi, dünya bazarında neft və qaz qiymətlərinin düşməsini sürətləndirə, Azərbaycanın gəlirlərini azalda və büdcə kəsirini genişləndirə bilər.
İbadoğlu Azərbaycan iqtisadiyyatının qarşılaşdığı əsas riskləri aşağıdakı kimi təsnif edir:
* Cənub Qaz Dəhlizinin gəlir gətirmə səviyyəsinə çatması 2030-cu ildən sonraya qalacaq;
* SOFAZ-ın aktivləri büdcə transferlərinin artması səbəbindən tükənə bilər;
* SOCAR-ın gəlirlərinin azalması və borc öhdəliklərinin artması şirkətin maliyyə dayanıqlığını təhlükə altına qoyur;
* Dövlət büdcəsinə daxil olan vergilərin azalması büdcə kəsirinin artmasına səbəb olacaq;
* Manatın dəyərinin aşağı düşməsi və idxalın bahalaşması devalvasiya riskini yüksəldir;
* Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft tranzitinin azalması Azərbaycanın tranzit gəlirlərini azalda bilər.
İqtisadçı xəbərdarlıq edir ki, bu tendensiyalar sosial-iqtisadi problemləri dərinləşdirəcək, buna görə də maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir.
MeydanTV
Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər