Prokurorluq Lənkəranskinin adamının cəzasından narazıdır

Prokurorluq həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, Araz Fərəcov və dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən apellyasiya protesti verib.

Bizimyol.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müdtinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev , Eltən Əliyev və Renad Zahirov hər birinim 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməkə 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmənin daha yüngül cəza verməsi ilə razılaşmayan dövlət ittihamçısı protestində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və həmin şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyir.
Protest Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və iş üzre məhkəmənin vaxtı yaxın günlərdən məlum olacaq.
Qeyd edək ki, Araz Fərəcov kriminal aləmdə “Kritı Araz” kimi tanınır. İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.
2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri “içəri”dən koordinasiya edib.