“Israel Hayom” qəzeti: Səudiyyə İran vasitəsilə Husilərə 1 milyard dollar təklif edib

“Israel Hayom” qəzetinin Fars körfəzindəki diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanın İrana etdiyi sürpriz səfərin əsas məqsədi “Ənsarullah” (husilər) hərəkatı ilə atəşkəsə nail olmaqdır.

İddiaya əsasən, əldə olunan razılaşma çərçivəsində səudiyyəlilər İran vasitəsilə Səna hökumətinə 1 milyard dollar köçürmək istəyir Mənbələrdən biri hətta bin Salmanın həmin vəsaiti “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə ölkəyə gətirdiyini iddia edib.

Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsi hər hansı pul köçürməsinin baş verdiyini təsdiqləməyib. Lakin “Israel Hayom” qəzetinə danışan rəsmi şəxs “Ənsarullah” ilə yaşanan anlaşmazlığın bir hissəsinin üç il əvvəl əldə edilmiş razılaşmaların icrası ilə bağlı olduğunu bildirib.

Həmin razılaşmalara əsasən, Səudiyyə Ərəbistanı kompromisə nail olunması məqsədilə “Ənsarullah”a birbaşa maliyyə yardımı göstərməli idi. Bu dəstəyin məqsədləri arasında husilərin nəzarətindəki ərazilərdə dövlət qulluqçularının maaşlarının ödənilməsi və mülki infrastrukturun bərpası yer alırdı. Bunun müqabilində “Ənsarullah”ın atəşkəsə əməl etməsi və Səudiyyə Ərəbistanına qarşı hücumları dayandırması gözlənilirdi.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi görüşlə bağlı rəsmi bəyanat yayıb. Bəyanatda deyilir:

“Müdafiə naziri şahzadə Xalid bin Salmanın və Məkkə Ortak Müdafiə İttifaqına üzv ölkələrin nümayəndələrinin Tehrana səfəri mevcut böhranın tərəfləri arasında gərginliyi azaltmaq, dialoq və diplomatik həll yollarını təşviq etmək, eləcə də Qətər Dövləti və Pakistan İslam Respublikasının həyata keçirdiyi vasitəçilik səylərini dəstəkləmək məqsədilə ittifaqın apardığı işlərin bir tərkib hissəsidir.”

“Ənsarullah” Səudiyyə Ərəbistanındakı hava limanlarını və xüsusən də neft obyektlərini hədəf alan hücumlar həyata keçirərək krallığa böyük iqtisadi ziyan vurub. Digər tərəfdən, İranın Hörmüz boğazında tankerlərə qarşı hücumları da Körfəzdən neft ixracını axsadıb.

 

“Israel Hayom”: İran üçün diplomatik qələbə

“Israel Hayom” qəzetinin təhlilinə görə, baş verən proseslər İran üçün “mühüm nailiyyətlər və diplomatik qələbələr” təmin edir.

Məkkə ittifaqı nümayəndələri ilə İran rəhbərliyi arasında bu səviyyədə ilk rəsmi görüş Pakistan Ordusunun komandanının keçən həftə Tehrana etdiyi səfər zamanı gündəmə gəlib. Qəzetin yazdığına görə, İran bu sammitdən regional güclərin öncüllük edəcəyi yeni təhlükəsizlik nizamı formalaşdırmaq üçün istifadə etməyi hədəfləyir.

Təl-Əviv nəşri vurğulayır ki, Tehran rəhbərliyi bu çərçivədə ABŞ və İsrailin regiona hərbi müdaxilə etməsinin qarşısını almaq istəyini ön plana çıxararkən, özünü regional diplomatik vasitəçi kimi mövqeləndirməyə çalışır.