Qardaşı: “Görünür, Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmasında maraqlı olan xüsusi səlahiyyətli şəxslər var”

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmməli onun səhhətinin pisləşməsindən və bununla bağlı qaldılrılan bütün vəsasətətləırin rədd edilməsindən yazıb.

Nəsimi Məmmədlinin sosial media hesabında paylaşdığı yazını olduğu kimi təqdim edirik.

“Aprelin 27-də “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirildi.
Səhhətindəki ciddi problemlərə görə Ələsgər Məmmədli barəsində məhkəməyə təqdim olunan vəsatət təmin edilmədi. Hakimlər ənənəvi olaraq heç bir əsaslandırma vermədən, bu “iş” üzrə hüquq və qanunları deyil, yenə də kimlərinsə tapşırığını əsas tutaraq qərar verdilər.

Ələsgər Məmmədli media azadlığına basqılar çərçivəsində qondarma, saxta ittihamlarla qeyri-insani rəftara məruz qalaraq 2024-cü il martın 8-də həbs edilib. Təqsirsiz olan, ağır xəstəlikdən əziyyət çəkən ziyalı bir insan 2 il 2 aydır darısqal kamerada faktiki girovluq şəraitində saxlanılır. “Girovluq” ifadəsini ona görə işlədirəm ki, qanunla məhbusun hüquqları var və onlar təmin edilməlidir. Təəssüf ki, xeyli müddətdir qanunun tələbi kobud şəkildə pozularaq təqsirləndirilən şəxsin ailə üzvləri ilə “ləyaqətli görüşmək” hüququ kimlərinsə göstərişi ilə məhdudlaşdırılıb. Faktiki olaraq girov götürülmüş şəxsə münasibətin şahidi oluruq.

“İstanbul Hospitalı”nda aparılan ultrasəs müayinəsi zamanı onun qalxanvari vəzisinin boyun nahiyəsində bir neçə düyün aşkar edilib. Bu düyünlərdən ən böyüyü 23×17 mm ölçüdə olub, heterogen quruluşlu, periferik və vaskulyarizasiyalı TİRADS III kateqoriyasına aid edilib. Ona təcili olaraq qalxanvari vəzinin iynə biopsiyası tövsiyə olunub.


Ələsgər Məmmədli müayinədən çıxdıqdan sonra başqa bir klinikada biopsiya etdirmək üçün yola düşərkən polis əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb.

Onun həyati əhəmiyyət daşıyan xəstəliyinin əsaslı müayinəsi və müalicəsi üçün hələ də qənaətbəxş şərait yaradılmayıb. Xətai rayon Məhkəməsində 6 dəfə olmaqla, ümumilikdə 11 dəfə müraciət edilsə də, vəsatətlər hüquqa zidd olaraq davamlı şəkildə rədd edilib. Görünür, onun səhhətinin daha da ağırlaşmasında və həyati risklərin artmasında maraqlı olan xüsusi səlahiyyətli şəxslər var.

Ələsgər Məmmədli həbs edildikdən qısa müddət sonra onda yeni xəstəliklər yaranıb: diabet, böyrək daşı, öd kisəsi xəstəliyi, prostat vəzində şiş, həmçinin 1-ci və 2-ci dərəcəli arterial hipertoniya qeydə alınıb.

Onun sistemli tələblərinə baxmayaraq, zəruri müayinə və müalicə hələ də problem olaraq qalır. Xətai rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli qərarından sonra öz vəsaiti hesabına “West Hospital”da qalxanvari vəzin biopsiyası aparılıb və kistik degenerativ xoşxassəli follikulyar düyün olduğu müəyyən edilib. Buna baxmayaraq, ötən 2 il ərzində onun nə əməliyyatına, nə də sistemli müalicəsinə şərait yaradılıb.

Ədliyyə Nazirliyinin klinikalarında qalxanvari vəzin tiroid düyününün inkişafının izlənməsi üçün zəruri olan qan analizlərinin (xüsusilə kalsitonin səviyyəsinin) aparılmasının mümkün olmadığı təcridxananın tibb idarəsi tərəfindən ona bildirilib. Üç aylıq cəhdlərdən sonra təcridxanada götürülən qan nümunələri ailəsinə təhvil verilərək özəl klinikada şəxsi vəsait hesabına analiz edilib. Lakin saxlanıldığı 26 ay ərzində o, bir dəfə də olsun zəruri endokrinoloq müayinəsindən keçməyib - bu tələb “həkim yoxdur” cavabı ilə qarşılanıb.

Hazırda o, xəstəliyin yaratdığı boğulma hissindən, güclü baş ağrılarından ciddi əziyyət çəkir. Yüksək qan təzyiqi onun normal həyatını ciddi şəkildə pozur. Bir neçə dəfə məhkəmə zamanı səhhəti pisləşdiyi üçün hakimlər prosesi yarımçıq dayandıraraq həkim dəvət edib və ona zəruri müdaxilələr olunub. Sonuncu məhkəmədə onunla eyni kamerada saxlanılan Müşfiq Cabbar da çıxış edərək Ələsgər Məmmədlinin vəziyyətinin son dərəcə ağır olduğunu bildirib.

Prostat vəzində şiş və böyrək daşı ilə bağlı isə ümumiyyətlə müalicə almayıb. Yalnız ürək və hipertoniya ilə bağlı dərman müalicəsi aparılır və bu dərmanlar ailəsi tərəfindən təmin olunur.

Ələsgər Məmmədliyə qarşı qaldırılan cinayət işinin saxta olduğu bildirilib, ona qarşı bu saxtakarlığı edənlərə və onu qeyri-insani rəftara məruz qoyanlara qarşı bütün hüquqi yollar sınaqdan keçirilib. Baş Prokurorluğa şikayət göndərilib, məhkəməyə saxta sübutlar hazırlayan və mütəşəkkil cinayətə yol verən şəxslərin məsuliyyətə cəlb olunması tələb edilib, Ombudsmana müraciətlər olunub. Təəssüf ki, heç bir hüquqi addım atılmayıb.

Saxta ittihamla 26 aydır darısqal kamerada saxlanılan, sağlamlığı həyati risklər yaradan ziyalı bir şəxsə qarşı bu cür qeyri-insani və hüquqsuz yanaşma ölkədə hüquq sisteminin çökməsinin bariz göstəricisidir. Əgər ölkədə hüququn mövcudluğu iddia olunursa, bu prosesə dərhal son qoyulmalı, Ələsgər Məmmədli azadlığa buraxılmalı və ona zəruri tibbi yardım, o cümlədən əməliyyat imkanı yaradılmalıdır.”