"Siyasi məhbus Mənsur Vəlişov ölüm aclığına başlayıb"

"Şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi" çərçivəsində şərlənərək həbs edilən siyasi məhbus Mənsur Vəlişovdan ailəsi 4 gündür xəbər ala bilmir.
Bu barədə onun həyat yoldaşı Aytac Vəlişova məlumat verib:
"Ötən şənbə Mənsurun zəng günü idi. Demişdi ki, şənbə günü səhər saatlarında zəng edəcək. Ancaq 4 gündür Mənsurdan xəbər yoxdur. Məsələ ilə bağlı dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, "biz Mənsurun hazırda harada saxlanılması haqqında məlumat verə bilmərik. Əməkdaşımıza demişik, iş icraatdadır."
Dünən Mənsurun saxlanıldığı Umbakı Pentensiar Kompleksinə zəng etdim. Mənə dedilər ki, Mənsuru Lənkəran Penitensiar Kompleksinə göndəriblər. Bəs niyə görə ailəsinə bu barədə məlumat verməsinə imkan yaratmırlar?
Siyasi məhbus Mənsur Vəlişov ölüm aclığına başlayıb. Bu vəziyyətdə ailəsi mütləq onun hazırkı durumundan xəbərdar olmalıdır. Lakin biz məlumatsız qalmışıq. Niyə görə siyasi məhbus Mənsur Vəlişovu telefonla danışmaq hüququndan məhrum edirlər?
Mənsur sonuncu dəfə danışanda dedi ki, məni qapalı rejimdə saxlamaq üçün yəqin ki, yenə şərləyəcəklər. Çünki Mənsuru bir neçə dəfə şərləyiblər. Üstəlik, hər dəfə ona qarşı edilən qanunsuzluqlara etiraz olaraq aclıq aksiyasına başlayanda Pentensiar Xidmətin əməkdaşları
yalan vədlərlə onu aldadıblar, verdikləri sözü sonra yerinə yetirməyiblər. Mənsur dedi ki, elə bu şərləmələrə görə, yalan vədlərə görə artıq heç kimə inamı qalmayıb və bu dəfə Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovla danışmadan ölüm aclığını dayandırmayacaq.
Mənsur artıq sudan da imtina edib."