Elxan Şükürlü İran-Amerika İsrail arasında davam edən müharibəni təhlil etdi

İki nüvə dövlətinin - ABŞ və İsrailin müsəlman torpaqlarına növbəti və müasir səlib yürüşlərinin 12-ci günü tamam olur. Ancaq ABŞ-İsrail ittifaqı hələ də əsas məqsədlərinə - İranda hakimiyyətin dəyişdirilməsinə və bu ölkənin də Qərbin nəzarəti altına keçməsinə nail ola bilmirlər.
İranda hakimiyyətin dəyişməsi isə təkcə bu ölkənin zəngin neft-qazına, mineral ehtiyatlarına Qərb şirkətlərinin çökməsi deyil, həm də olduqca strateji bir coğrafiyaya – Avropadan Çin sərhədinədək olan böyük bir regiona, bütün İslam dünyasına ABŞ-nin sahiblik etməsi deməkdir.
Eyni zamanda, İranda Qərb hakimiyyətinin qurulması iki anti-amerikan gücün – Rusiyanın Yaxın Şərqə və Hind okeanına quru yolunun bağlanması, Çinin isə “Bir Kəmər-Bir Yol” layihəsinin həm quru, həm də dənizdən keçən mühüm hissələrinin, limanlarının ABŞ-nin nəzarəti altına alınması və beləliklə də, hər iki gücün iqtisadiyyatının gələcəkdə ABŞ-dən asılı hala düşməsi deməkdir...
12 gündür davam edən raket zərbələriylə İran şəhərlərinə, iqtisadiyyatına və hərbi-siyasi elitasına çox böyük zərbə vurulsa da, bu, hələ İranda xaosa və idarəetmənin itirilməsinə gətirib çıxarmayıb.
Əksinə, 28 fevralda Ali Dini Lider Seyid Əli Xamenenin ailə üzvləriylə birlikdə qətlə yetirilməsi qürurlu İran xalqını xarici işğalçılara qarşı səfərbər edərək, onların birləşməsinə və uzunmüddətli müqavimətin yeni motivasiyasına, indikatoruna çevrilib.
Hərbi-siyasi elita isə ən çətin şəraitdə belə, yeni Liderini müəyyənləşdirməklə və paralel şəkildə ABŞ bazalarının yerləşdiyi ölkələrə sərrast cavab zərbələri endirməklə, həmçinin Hörmüz boğazını tamamilə bağlayacağı və dünya iqtisadiyyatına böyük zərbə vuracağı təhdidləriylə hələ idarəetməyə nəzarəti əlində saxladığını göstərir.
ABŞ-İsrail tandeminin uğurlu quru əməliyyatları və İranın daxildən etnik zəmində qarışdırılması üçünsə İranətrafı ölkələrdən İraq, Türkiyə, Azərbaycan və Pakistan bu prosesə açıq dəstək verməlidir.
Bu məqsədlə ABŞ-İsrail tandemi sözügedən ölkələrlə bağlı çox fəal informasiya-təbliğat işi, eləcə də “özgə bayraq” altında fitnəkar əməliyyatlar aparsa da, nə kürdləri, nə türkləri, nə də bəlucları prosesə qoşa biliblər. Xüsusən də Türkiyə-Azərbaycan-Pakistan rəhbərliyinin koordinasiyalı fəaliyyəti İrana qarşı bu ölkələr üzərindən yeni bir cəbhənin açılmasının, "ikinci Ukrayna” ssenarisinin işləkliyinin qarşısını alır.
Bu şəraitdə müharibənin daha bir müddət uzanması isə bütün dünya boyu iqtisadiyyatın geriləməsinə, ABŞ-İsrail tandeminə qarşı müttəfiqləri olan ölkələrdə etirazların güclənməsinə, əməliyyatların tezliklə dayandırılmasına çağırışların artmasına gətirib çıxaracaq.
Müharibənin uzanması isə ABŞ daxilində mövqeyi güclü olmayan və payız seçkilərində impiçment təhlükəsiylə üzləşəcəyi qorxusuyla yaşayan Trampın da maraqlarının əleyhinədir.
Bu səbəbdən o, dünəndən etibarən, ictimai rəyi İranla danışıqlara hazırlamaq kursu seçib. Tramp iddia edir ki, İranın Hərbi Dəniz Donanmasını və nüvə silahı istehsal edə biləcək müəssisələrini, eləcə də ballistik raket ehtiyatının 90 faizini məhv ediblər...
Bu, artıq İran əməliyyatının yekunlarıyla bağlı onu sorğulayacaqlara indidən ünvanlanmış mesajlardır ki, danışıqlarda irəli sürdükləri məqsədlərin bir neçəsinə müharibəylə nail olunub.
Eyni zamanda, onun paralel şəkildə İran müharibəsindən qazancla çıxan və köməyinə ehtiyac duyulan Rusiyanı işə qoşması Cənubi Qafqaz və Ukraynada anlaşan Tramp-Putin duetinin İranın nüvə masasının qurulmasında da aktual olacağının işarəsi sayıla bilər.
Bəs, İran necə, ABŞ-la danışıqlar masasına, yeni bir sazişin imzalanmasına gedəcəkmi?
İslamin şiə məzhəbinə söykənən, qədim dövlətçilik ənənələri olan İran elitası, çox güman ki, bu məsələdə də rəsmi ideologiyasına əsaslanaraq, zəngin İslam tarixinə üz tutacaq: 661-ci ildə Həzrəti Əli (ə) qətlə yetiriləndə onun yerinə keçən oğlu Müctəba – İmam Həsən ümmətini qorumaq naminə öz şərtləri əsasında Müaviyə ilə razılaşmaya imza atmışdı. Baxmayaraq ki, Müaviyə sonradan bu şərtlərə əməl etməmişdi...
İndi tarix oxşar adlar və situasiya ilə yenidən təkrar olunur: yenə də Əli oğlu Müctəba atasının Ramazanda qətlə yetirilməsindən sonra hakimiyyət başına keçib və o da bütün İslam coğrafiyasının qan gölünə çevrilməməsi, həm də vaxt qazanmaq üçün dövrümüzün Müaviyəsi ilə - Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər...
Hələliksə savaş davam edir!